00:00:00
Yazar
Asiman Vəliyeva
11.03.2026 20:59 26 4 dəq oxuma
Sosial

Təbii və keyfiyyətli yumurta seçmək üçün nələrə diqqət etməliyik?

Təbii və keyfiyyətli yumurta seçmək üçün nələrə diqqət etməliyik?

Son dövrlərdə sosial şəbəkələrdə “saxta yumurta” ilə bağlı müxtəlif iddialar geniş müzakirə olunur. Bəzi paylaşımlarda bazarlarda və mağazalarda satılan yumurtaların təbii olmadığı, süni üsullarla hazırlandığı iddia edilir. Bu məlumatlar isə istehlakçılar arasında narahatlıq yaradıb.

 

Mövzu ilə bağlı “İnformator.az” a müsahibəsində qida eksperti Asim Vəliyev bildirir ki, sosial şəbəkələrdə belə videolar tez-tez qarşımıza çıxır:


“Videolar qida sənayesinin reallıqlarını əks etdirmir. Kimyəvi yolla yumurta istehsalı heç bir istehsalçıya sərf etməz. Baha başa gələr. Yumurtanın təbii yolla istehsalı olduqca ucuz başa gəlir. Belə videoların əksəriyyəti ya uşaqlar üçün hazırlanan oyuncaq slaym məhsullarının istehsalıdır. Ya da kulinariya dekorasiyaları üçün nəzərdə tutulmuş maketlərdir. Azərbaycanda qida təhlükəsizliyinə nəzarət edən qurumların laboratoriya analizləri bu günə qədər ölkə bazarlarında süni yumurta faktını aşkar etməyib. Yumurtanın saxta olmasından qorxmaq yox, əksinə təzə və sağlam olmasına diqqət yetirmək daha vacibdir. Çünki köhnə yumurta mikrobioloji baxımdan daha təhlükəlidir”.

 

Həmçinin ekspert qeyd edir ki, təzə yumurtanın qabığı mat və kələ-kötür olur:

 

“Əgər qabıq həddindən artıq parlaqdırsa, yumurtanın köhnə olduğunu, ya da üzərindəki təbii qoruyucu təbəqənin silindiyinin göstəricisidir. Yumurtanı qulağımıza yaxınlaşdırıb yüngülcə silkələdikdə təzə yumurtadan səs gəlməməlidir. Əgər daxildə bulanıq bir hərəkət və səs gəlirsə, hava boşluğu böyüyüb və yumurta köhnədir.
Bir qaba su doldurub, yumurtanı içinə ataq. Təzə yumurta ağır olduğu üçün dibə çökür və yan yatır. Köhnəldikcə yumurtanın içindəki rütubət buxarlanır və yerini hava tutur. Buna görə də köhnə yumurtalar suyun üzündə üzür. Yumurtanı boşqaba sındırdıqda sarısı mərkəzdə, hündür və dairəvi qalmalıdır. Əgər sarı dərhal yayılırsa, ya partlayırsa, ağı isə su kimi hər tərəfə dağılırsa, bu məhsul təzə deyil. Bir çoxumuz qəhvəyi rəngli, ya bir az çirkli yumurtanı daha təbii hesab edirik. Yumurtanın ağ, qəhvəyi olması yalnız toyuğun cinsi ilə bağlıdır. Qida dəyəri baxımından aralarında heç bir fərq yoxdur.
Soyuducuya qoymazdan əvvəl yumurtanı yumaq onun qabığındakı təbii mikroskopik dəlikləri açır. Belə olduqda bakteriyaların içəri daxil olmasına səbəb olur. İstifadədən əvvəl yumaq daha məsləhətdir. Yumurtaları soyuducu qapısındakı oyuqlarda yox, daxili rəflərdə, öz qutusunda saxlasaq yaxşıdır. Qapı hər açıldıqda temperatur dəyişikliyi yumurtanın keyfiyyətini tez itirməsinə səbəb olur”.

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində dietoloq Xumarə İsmayılova bildirir ki, yumurta qidalanmada yüksək qida dəyəri ilə seçilən məhsullardan biridir:


“Onun tərkibində insan orqanizmi üçün vacib olan yüksək keyfiyyətli zülal, A, D, E və B qrupu vitaminləri, həmçinin dəmir, fosfor və sink kimi mühüm minerallar mövcuddur. Bu maddələr immun sisteminin güclənməsinə, hüceyrələrin yenilənməsinə və ümumi orqanizm fəaliyyətinin dəstəklənməsinə kömək edir. Eyni zamanda yumurta uzun müddət toxluq hissi yaratdığı üçün balanslı qidalanmada geniş yer tutur. Keyfiyyətsiz və ya uzun müddət saxlanılmış yumurtaların istehlakı isə sağlamlıq üçün risk yarada bilər. Belə yumurtalarda bakterial çirklənmə ehtimalı artdığından qida zəhərlənməsi halları baş verə bilər. Bu zaman ürəkbulanma, qusma, qarın ağrısı, ishal və ümumi halsızlıq kimi əlamətlər müşahidə olunur. Buna görə də, yumurta alarkən onun istehsal və son istifadə tarixinə, həmçinin qabığının zədələnməməsinə diqqət yetirmək vacib sayılır.

Yumurtanın sarısı və ağı qida dəyəri baxımından bir-birindən fərqlənir. Yumurtanın ağı əsasən zülaldan ibarətdir və yağ tərkibi demək olar ki, yoxdur. Buna görə də aşağı kalorili qidalanmada və idmanla məşğul olan şəxslərin rasionunda daha çox istifadə edilir. Sarı hissə isə daha zəngin tərkibə malikdir; burada yağlar, yağda həll olunan vitaminlər və orqanizm üçün faydalı olan xolin maddəsi mövcuddur. Bu səbəbdən yumurtanın hər iki hissəsi birlikdə istehlak edildikdə daha balanslı qida mənbəyi hesab olunur”.

 

Mövzu ilə bağlı “İnformator.az”a danışan satıcı Elvin Məmmədov bildirir ki, yumurtanın keyfiyyətinin qorunması üçün saxlama və təqdimat mərhələsində bir sıra vacib qaydalara əməl edilir:

 

“Məhsulun təzəliyini və təhlükəsizliyini qorumaq üçün yumurtalar sərin və quru mühitdə saxlanılır, temperatur rejiminə xüsusi diqqət yetirilir. Həmçinin qabıqların zədələnməməsi üçün yumurtalar xüsusi qutularda və səliqəli şəkildə yerləşdirilir. Satıcı qeyd edir ki, düzgün saxlanma şəraiti yumurtanın həm keyfiyyətini, həm də istifadə müddətini qorumaqda mühüm rol oynayır”.

 

Elvin Məmmədovun sözlərinə görə, satış zamanı alıcıların məhsulun keyfiyyətinə əmin olması üçün onlara bir sıra məlumatlar təqdim edilir:

 

“Alıcılara yumurtanın istehsal tarixi, saxlanma müddəti və saxlanma qaydaları barədə məlumat verilir. Bundan əlavə, yumurtanın qabığının bütöv və təmiz olmasının, həmçinin məhsulun düzgün şəraitdə saxlanılmasının keyfiyyət göstəricisi olduğu izah olunur. Satıcı bildirir ki, alıcıların məlumatlandırılması onların daha düzgün seçim etməsinə və məhsula olan etibarın artmasına kömək edir”.

 

Mövzu ilə bağlı danışan Namiq Hüseynov bildirir ki, bazardan yumurta alarkən onun həm təzə, həm də mümkün qədər orqanik olmasına üstünlük verir:

 

“Qabığın bütöv və çox çirkli olmaması, yumurtanın təmiz görünməsi və normal qoxuya malik olması məhsulun keyfiyyətinə dair ilkin təsəvvür yaradır. Bazarda alış zamanı satıcının məhsulun haradan gəldiyini və orqanik şəraitdə yetişdirildiyini soruşuram. Məncə, orqanik yumurtalar həm sağlamlıq baxımından daha etibarlıdır, həm də dad və tərkib baxımından fərq yaradır”.

 

Bundan əlavə, alıcı deyir ki, tanıdığı və məhsuluna güvəndiyi satıcılardan alış etmək onun seçimində əsas rol oynayır:

 

“ Bu yolla həm təzə, həm də orqanik məhsul əldə etdiyinə əmin olur və gündəlik istifadə üçün daha rahat seçim edir”.


Ədilə Hüseynzadə

#yumurta #azərbaycan #diqqət #gündəm #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər