Tədqiqatçı alim və yaxud məhəbbətlə oxunan kitabların müəllifi
Rütbələr içində seçilir biri
Hamıdan ucadır alimin yeri
N.Gəncəvi
Öz peşəsinə bağlılıq, vurğunluq onun canına-qanına hopub. Uzun illərdir, bu peşənin işığında yol gəlir. Bu yol çətin olduğu qədər də şöhrətli və şərəfdir. Alim-tədqiqatçı ömrü. Ömrünün böyük bir hissəsini kitabxanalarda, arxivlərdə, muzeylərdə keçirən və mühacir mətbuatımızın qaranlıq səhifələrinə işıq salan bir qələm əhli. Bu qələm əhli kəlamına və şəxsiyyətinə çox böyük hörmət etdiyim, mətbuatşünas alim, istedadlı publisist Abid Tahirlidir.
40 ilə yaxındır ki, Azərbaycan mətbuatında bir publisist kimi öz üslubu, tədqiqatçı alim kimi samballı araşdırmaları olan Abid Tahirli ictimaiyyət tərəfindən böyük rəğbət və sevgi ilə qarşılanır. Çünki Abid müəllim bu illər ərzində və elə bu gün də nə yazırsa, onun qəlbinin və qələminin istəyi ilə yazır…
Filologiya elmləri doktoru, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, H.Zərdabi və C.Məmmədquluzadə laureatları mükafatına layiq görülən Abid Tahirlinin yaradıcılığı çoxşaxəli və çoxcəhətlidir. Belə ki, 500-dən çox bədii-publisistik, 100-ə yaxın elmi məqalənin müəllifi olan Abid müəllim həm də ondan çox kitabın müəllifidir. Müxtəlif məzmunlu, müxtəlif mövzulu olan bu qələm məhsullarının hər biri öz aktuallığı və oxunaqlığı ilə diqqəti cəlb edir.
Abid müəllimin elmi məqalələrini oxuyarkən çox ciddi, samballı bir alim yaradıcılığı ilə tanış olduğumuz halda, bədii-publisistik məqalələrini oxuyarkən həzin, kövrək, səmimi bir üslubla, dillə tanış oluruq. Bunların arasında oxucular tərəfindən böyük sevgi və sayğı ilə qarşılanan mühacirət mövzusu üstünlük təşkil edir. Şair Ağacəfər Həsənlinin təbirincə desək, “elmdə, ədəbiyyatda ayrıca “mühacir ömrü” yaşayan” Abid müəllim 1980-ci illərin sonundan, hələ “Vətən” cəmiyyətinin orqanı olan “Odlar yurdu” qəzetində işləyəndən taleyini bu mövzunun tədqiqinə həsr etdi. İllər sonra Abid müəllim “Odlar yurdu” qəzeti haqqında yazır:
“Milli azadlıq hərəkatını canlı bir orqanizmə bənzətsək, “Odlar yurdu”nu ona qida verən orqanlardan biri hesab etmək olar. Bu qəzet 1918-ci illə 88-ci il arasında bir mənəvi körpü, əlaqə yaratdı, xalqın milli şüurunun dirçəldilməsi, oyanması üçün misilsiz xidmət göstərdi”.
Elə əslində 88-ci illərdə Abid müəllim “mühacirət” mövzusuna da bir jurnalist marağı ilə başlamışdır. Əvvəllər jurnalist-publisist marağı səviyyəsində aparılan araşdırmalar, sonralar sırf elmi əsaslarla öyrənilməyə, tədqiq edilməyə başlandı. Beləliklə, mühacirət mövzusu onun bütün varlığına hakim kəsilir. Qələmə aldığı ilk kövrək və həzin yazılar sonralar çox ciddi, elmi tədqiqat əsərlərinə çevrilərək ictimaiyyətin diqqətini cəlb etdi. Heç də təsadüfi deyil ki, illər sonra professor Xeyrulla Məmmədov “Sahənin lokomotivi” adlandıraraq Abid Tahirli yaradıcılığını çox yüksək qiymətləndirirdi.
“Azərbaycan mühacirəti” (2001), “Azərbaycan mühacirət mətbuatı” I hissə (2002), “Azərbaycan mühacirət mətbuatı” II hissə (2003), “Azərbaycan mühacirət mətbuatında publisistika” (2005) kitabları bu sahədəki ciddi boşluğu doldurdu. Uzun illərin, gərgin axtarışların, yuxusuz gecələrin sahəsində ərsəyə gələn bu əsərlərin hər birində Abid müəllimin Vətən, millət sevgisi, onun keçmişinə sayğısı, sabahına sayğısı hiss olunur. Çünki burada Azərbaycan mühacirətinin təşəkkül tarixi, həyat tərzi, ideoloji mübarizəsi ilə yanaşı, mühacir mətbuatı tarixi, onun yaradıcılarının fəaliyyəti geniş şəkildə əks etdirilib. Talelərinə mühacirlik yazılmış bu soydaşlarımızın Vətən həsrəti, yurd itkisi Abid Tahirlini həm də bir publisist kimi düşündürürdü. O, bir qələm, kəlam əhli kimi ədəbi sözü ram edərək silaha çevirib 90-cı illərdə istiqlalımız uğrunda mübarizəyə qoşuldu.
1991-ci ildə “Vətən” Cəmiyyətinin nümayəndə heyətinin üzvü kimi İsveçə səfər edən Abid Tahirli “Səhər” qəzetində yazırdı: “On iki gün ərzində İsveçin 7 şəhərində olduq. Orada yaşayan həmvətənlərimizlə görüşlərimiz oldu. Stokholm və Göteborq şəhərlərində fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərində keçirilən rəngarəng tədbirlər hamının ürəyincə idi. Burada Azərbaycan haqqında həqiqətləri çatdırdıq”.
Amma çox təəssüf ki, o zaman xaricə üz tutan soydaşlarımız arasında orada Azərbaycan həqiqətlərini çatdıranlardan bazar-dükan gedənlərimiz çox idi. Qarabağ savaşından, suverenlik uğrunda çarpışmadan bezərək, Vətəni ölüm və olum arasında qoyaraq, onun ağır-acılarından bezərək xaricdə yaşamağa, xoş gün keçirməyə, ziyarətdən çox ticarət etməyə gedən “oğul”lar da oldu.
Belə bir vaxtda Abid müəllimin xarici ölkələrdə ilk üz tutduğu ünvanlar arxivlər, kitabxanalar, muzeylər, redaksiyalar oldu. Burada aylarla toz-torpaq basmış sənədlərlə, kağızlarla ömrünü keçirdi. Axtardı-aradı. Azərbaycanın istiqlalı yolunda canını fəda edən soydaşlarımızın yaradıcılığına, taleyinə işıq salmaqla, ruhunu şad etməklə xalqına, vətəninə ibadət etdi bu yolla Abid müəllim (Abid sözünün mənası-ibadət etmək deməkdir).
Dünyanın bir çox ölkələrinə səpələnən azərbaycanlı mühacirləri tanıtmaq, onların problemlərini, qayğılarını, acınacaqlı taleyini və gərgin ideoloji mübarizəsini əks etdirmək üçün Abid müəllim o zaman “Vətən” Cəmiyyətinin xətti ilə aylarla Türkiyədə, Almaniyada, Fransada, Polşada, ABŞ-də, Argentinada, cəmiyyətlərdə, toplantılarda oldu, qürbətdəki həmvətənlərlə sıx əlaqə yaradaraq var gücü ilə mübarizə apardı. Mühacir həyatı yaşamış azərbaycalıların xaricdəki fədakar fəaliyyətini (dərnəklərin təşkili, qəzet, jurnalların nəşri, müxtəlif sahələrdə sovet siyasətinin ifşası, azadlıq və istiqlal uğrunda çağırışlar və s.) əks etdirən zəngin arxiv materialları, sənədlər, faktlar əldə etdi. Əlinə keçən ən kiçik fakta da alim qayğısı, sayğısı ilə yanaşdı. Vətənə əlidolu (çoxları kimi paltar-pulla yox) mühacirlərimizin ədəbi-ideoloji mübarizəsini əks etdirən materiallarla qayıtdı. Onları əvvəl müxbiri,, sonra isə redaktoru müavini olduğu “Odlar yurdu” qəzetində “Bu barədə ilk dəfə” rubrikası altında Azərbaycan oxucusuna çatdırdı. Həmin illər bu fəaliyyətin çox böyük faydası oldu. Tədqiqatçı-alim kimi güclü təxəyyülə malik olan Abid müəllim o zaman milli şüurun, milli təfəkkürün dirçəlişi, milli hərəkatın meydana gəlməsində mühacirət mövzusunun böyük rol oynamasını dərk edərək onun təbliğinə geniş yer verdi.
Tanınmış jurnalist-publisist Məzahir Süleymanzadə Abid Tahirlinin əsərlərini “Məhəbbətlə oxunan kitablar” adlandıraraq yazır: “Abid Tahirlinin kitablarının qüdrəti onları bizə, sizə, hər bir oxucunun evinə toplamaq, dünyasını çoxdan dəyişmiş adamlarla ünsiyyət yaratmaq bacarığındadır”.
Hər zaman sözünə, imzasına sahib olan Abid müəllim. Tanrıdan Sizə saysız-hesabsız “məhəbbətlə oxunan kitablar”ın müəllifi olmaq arzusu ilə yaşayıb-yaratmağı diləyirəm!
BDU-nun professoru Qərənfil Dünyaminqızı