00:00:00
Yazar
Nərmin Həşimova
11.05.2026 19:59 23 2 dəq oxuma
Siyasət

“Təl-Əvivin İrana qarşı sərt siyasəti bölgədə eskalasiya riskini artırır”- Politoloqdan AÇIQLAMA

“Təl-Əvivin İrana qarşı sərt siyasəti bölgədə eskalasiya riskini artırır”- Politoloqdan AÇIQLAMA

İsrail Baş naziri Benyamin Netanyahu yüksək səviyyədə zənginləşdirilən uran İran ərazisindən çıxarılmayana qədər İranla müharibənin bitmiş sayılmadığını bildirib.


Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Netanyahunun İran ərazisindən zənginləşdirilən uranın çıxarılması ilə bağlı çağırışları mübahisəli məqam kimi qiymətləndirilir:


"İsrailin Baş naziri Benyamin Netanyahunun Yaxın Şərqdəki böhranda tutduğu mövqe region üçün ciddi təhlükədir. Təl-Əvivin İrana qarşı sərt siyasəti və Vaşinqtonu da prosesə cəlb etməsi bölgədə yeni eskalasiya riskini artırır. Hazırkı mərhələdə ABŞ böhrandan çıxış yolları axtarsa da, İsrail rəhbərliyinin ritorikası gərginliyin daha da dərinləşməsinə səbəb olur. Xüsusilə, Benyamin Netanyahunun mövqeyi yeni qarşıdurma dalğasının başlanğıcı kimi dəyərləndirilir. Yaranan vəziyyət təkcə Yaxın Şərq üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün təhlükəlidir. Çünki bölgədə müxtəlif dövlətlərin maraqları toqquşur. Bir sıra ölkələr diplomatik kompromis axtarışına üstünlük versə də, digər tərəflər vəziyyətin daha da sərtləşməsini qaçılmaz sayır".


Politoloq vurğulayıb ki, İranın asimmetrik addımları, ABŞ donanmasının bölgədə mövcudluğu və lokal toqquşmaların artması böyükmiqyaslı müharibə riskini yüksəldir:


"Bu baxımdan diplomatik kanalların aktiv qalmasının vacibliyi vurğulanır. Netanyahunun İran ərazisindən zənginləşdirilən uranın çıxarılması ilə bağlı çağırışları da mübahisəli məqam kimi qiymətləndirilir. İran isə bu tələbi qəti şəkildə rədd edərək nüvə materiallarının İranın öz istehsalı olduğunu və dinc məqsədlərlə istifadə edildiyini bildirir. İsrail-İran qarşıdurmasının genişlənməsi region üçün ağır nəticələr doğura bilər. Hər iki tərəfin geniş hərbi potensiala malik olması mümkün müharibənin dağıdıcı təsirlərini daha da artırır. Eyni zamanda, tərəflər geri dönüşü olmayan mərhələyə keçmədən gərginliyi azaltmağa çalışmalıdır. Xatırladaq ki, 2025-ci ilin iyununda baş verən 12 günlük müharibədən sonra bölgədə ikinci qarşıdurma dalğası da yaşanıb və mümkün üçüncü eskalasiya daha ciddi humanitar və siyasi fəsadlara yol aça bilər. İsrailin regiondakı siyasətinə yenidən baxması, xüsusilə, Livanla bağlı atəşkəs öhdəliklərinə əməl etməsi vacibdir. ABŞ-nin isə prosesdə həm strateji maraqlarını qorumağa, həm də aparıcı dövlət mövqeyini nümayiş etdirməyə çalışdığı bildirilir".


Səmayə Səftərova

#İsrail #İran #mövqe #Netanyahu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər