Türk Standartları İnstitutunun prezidenti BANM-də olub
Bakı Ali Neft Məktəbində Türk Standartları İnstitutunun (TSİ) prezidenti Sebahittin Korkmaz və baş katibi Mehmet Bozdemir, eləcə də qurumun Azərbaycan üzrə təmsilçisi Selim Çelebi ilə görüş keçirilib.
BANM-in rektoru Elmar Qasımov qonaqlara məktəbin fəaliyyətində sağlamlıq, əməyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə yüksək keyfiyyət göstəricilərinə nail olmaq istiqamətində bütün tədbirlərin görüldüyü haqqında məlumat verib. Rektor BANM-nin ISO-nun üç modulu üzrə beynəlxalq sertifikata sahib olduğunu bildirib, bu istiqamətdə TSİ-nin strukturları ilə əməkdaşlığının vacibliyini vurğulayıb.
TSİ-nin prezidenti Sebahittin Korkmaz Azərbaycana ilk dəfə gəldiyini və BANM-də olmasından məmnunluğunu ifadə edib. O, məktəbin qısa müddətdə beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini müsbət qiymətləndirib və təmsil etdiyi qurumla BANM arasındakı əməkdaşlığın inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib. İnformasiya təhlükəsizliyi ilə bağlı TSİ-nin təlimlərinin vacibliyini vurğulayan qonaq qarşılıqlı əməkdaşlığın ikitərəfli münasibətlərin qurulmasına imkan verəcəyini qeyd edib. Sonda bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, BANM Azərbaycanda ilk ali təhsil müəssisəsidir ki, ISO-nun üç modulu - ISO 9001 \'\'Keyfiyyət İdarəetmə Sistemi\'\', ISO 14001 \'\'Ekologiya idarəetmə sistemi\'\', OHSAS 18001 \'\'Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi\'\' üzrə beynəlxalq sertifikatlara sahibdir. 2014-cü ilin dekabrında TSİ-nin auditorları beynəlxalq standartların BANM-də tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirərək BANM-in bütün struktur bölmələrində dünyada qəbul olunmuş ISO standartlarına uyğun olaraq keyfiyyətin təminatı, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemlərinin tətbiq edildiyini təsdiqləyib.
