"Türkiyə hər platformada Azərbaycanın haqlı mübarizəsini dəstəkləyəcək"
İslam dünyasının üzərində həssaslıqla dayandığı əsas problemlərdən biri Dağlıq Qarabağ münaqişəsidir. Bu problem həm də Cənubi Qafqazda asayişin təmin olunmasına və vəziyyətin sabitləşməsinə başlıca maneədir. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək İslam Əməkdaşlığı Təşkilatı Parlamentləri Birliyinin İstanbulda keçirilən sessiyasında belə deyib.
Cəmil Çiçək Azərbaycan torpaqlarının işğal altında qalmasının qəbul edilməz olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli Cənubi Qafqazda sülh və rifahın təmin olunmasında əsas şərtdir. “Bu gün Azərbaycanda bir milyondan artıq qaçqın və köçkünün yerlərindən və yurdlarından ayrılmaq məcburiyyətində qalmasına baxmayaraq, beynəlxalq ictimaiyyət gözlənən münasibəti göstərmir. Türkiyə hər platformada Azərbaycanın bu haqlı mübarizəsini dəstəkləməyə davam edəcək”.
