Türkiyə İranda gərginliyin dialoq yolu ilə həllini istəyir
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bildirib ki, onlar İranda problemlərin dialoq yolu ilə həll olunmasını istəyirlər.
“İrandakı genişmiqyaslı qeyri-sabitlik bizim regionun öhdəsindən gələ biləcəyi bir şey deyil. Ümid edirik ki, ABŞ və İran bu məsələni öz aralarında- istər vasitəçilər, istərsə də birbaşa dialoq vasitəsilə həll edəcəklər. Baş verənləri diqqətlə izləyirik”,- deyə o bildirib.
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə regionda artan gərginliyin qarşısının alınmasında barışdırıcı və diplomatik rol oynayır:
“Yaxın və Orta Şərqdə sabitlik yaranmır və gərginlik getdikcə daha da artmaqdadır. Bu təkcə region üçün fəlakət demək deyil, həm də bütün dünya üçün təhdiddir. İndi bəşəriyyətin müdrik yanaşmaya ehtiyacı var. Çox yaxşı haldır ki, Türkiyə konfliktli tərəfləri dialoqa çağırır və diplomatik fəaliyyətini də bu istiqamətə səfərbər edir. Rusiya-Ukrayna müharibəsi başlayandan qısa müddət sonra Türkiyə tərəfləri atəşkəsə dəvət edib və anlaşmanın əldə edilməsi üçün tarixə yazılan təşəbbüslərə imza atıb. Suriya böhranının aradan qaldırılmasında da Türkiyənin fövqəladə rolu oldu. Hazırda İran ətrafında baş verən gərginliyin yumşaldılmasında da regionda nüfuz sahibi kimi hadisələrin fövqündə dayanaraq barışdırıcı missiyasını davam etdirir. Türkiyənin bitərəf və təmkinli davranışı gərginliyin kulminasiya nöqtəsinə keçməsinin qarşısını alır. Çünki İranın daxili sabitliyi onun beynəlxalq münasibətlərindən asılıdır”.
Ekspert qeyd edib ki, ABŞ-İran qarşıdurması dünya miqyasında ciddi risklər və təhlükələr yarada bilər:
“ABŞ-İran münasibətlərinin gərginləşməsi təkcə Yaxın Şərq və Cənubi Qafqaza deyil, bütün regionlara təsir edəcək. Bu, dünyada böyük qarşıdurma yarada bilər. Çünki İran uğrunda savaş dünyada neftə nəzarəti ehtiva edir. Bu mübarizədən isə Rusiya, Çin, Avropa İttifaqı, ABŞ və digər ölkələr kənarda qalmayacaq. Bu isə mümkün fəlakətin miqyasını təsəvvür etməyə imkan verir. Türkiyənin təmkinli davranışı həm də regionun siyasi xəritəsini dəyişmək istəyənlərə bir mesajdır. Çünki onun rəyi olmadan regionda hər hansı dəyişikliyə nail olmaq mümkün deyil. Üstəlik, Türkiyənin beynəlxalq siyasətdə formalaşmış müsbət və güvənli obrazı yaranıb. Bu ölkə ondan 3-cü dövlətə qarşı istifadə edilməsinə yol verməyib və siyasətdə açıq sözlüdür. Bu isə imkan verir ki, Türkiyə regional siyasətdə həlledici fiqur kimi çıxış etsin”.
Lalə Qurbanlı
