Türkiyədə 15 yaşdan kiçiklər üçün sosial şəbəkələrə qadağa qoyulur
Türkiyədə 15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsi qadağan edilir. Yeni qaydalara əsasən, istifadəçilər şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməli və yaş təsdiqləməsindən keçməli olacaqlar. Məqsəd uşaqları və yeniyetmələri sosial şəbəkələrin mənfi təsirlərindən qorumaqdır.
Mövzu ilə bağlı media eksperti Nicat Abdullayev “İnformator.az” a açıqlamasında bildirib ki,uşaqları qorumaq üçün qadağadan çox, media savadlılığı və valideyn nəzarəti daha effektivdir:
“Bu qərar medianın sosial məsuliyyəti və informasiya təhlükəsizliyi kontekstində müəyyən qədər əsaslıdır. Çünki sosial şəbəkələr təkcə ünsiyyət platforması deyil, eyni zamanda dezinformasiya, aqressiv kontent, psixoloji təzyiq, zorakılıq və manipulyativ təsirlərin yayıldığı mühitdir. 15 yaşdan kiçik uşaqlar isə hələ tənqidi düşünmə və informasiya filtrasiyası baxımından tam formalaşmayıblar. Bu səbəbdən də dövlətin və medianın uşaqları qorumağa yönəlik addımları legitim hesab oluna bilər. Lakin məsələ ondadır ki, təhlükəsizliyi təmin etmək qadağa ilə yanaşı, sistemli nəzarət və maarifləndirmə ilə müşayiət olunmalıdır.
Burada riskli məqamlar da var. Sosial şəbəkələr bu gün gənc nəsil üçün təkcə əyləncə yox, həm də özünüifadə, yaradıcılıq və sosial mövqe formalaşdırma platformasıdır. Tam qadağa uşaqların ifadə azadlığını məhdudlaşdıra və onları rəqəmsal mühitdən kənarda qoya bilər. Nəticədə rəqəmsal savadlılıq “təhlükəsiz öyrənmə” yolu ilə deyil, gizli və nəzarətsiz formada inkişaf edə bilər ki, bu da daha böyük risklər yaradır.
Bu mexanizm informasiya təhlükəsizliyi baxımından ciddi suallar doğurur. Şəxsiyyət vəsiqəsi ilə qeydiyyat böyük həcmdə həssas şəxsi məlumatın mərkəzləşdirilmiş şəkildə toplanması deməkdir. Bu məlumatların sızması, kommersiya məqsədilə istifadəsi və ya kiberhücumlar nəticəsində ələ keçirilməsi riski realdır. Xüsusilə,uşaqlara aid məlumatların qorunması beynəlxalq standartlara uyğun yüksək təhlükəsizlik mexanizmləri tələb edir. Əks halda yaxşı niyyətli qərar uzunmüddətli etimad probleminə çevrilə bilər. Düşünürəm ki, alternativ mexanizmlər daha davamlı və effektivdir. Valideyn nəzarəti, yaşa uyğun kontent filtrləri, vaxt məhdudiyyətləri və ən əsası media savadlılığı. Bunun erkən yaşlardan tədrisi uşaqları həm qoruyur, həm də hazırlayır. Qadağa problemi müvəqqəti gizlədir, savadlılıq isə onu idarə etməyi öyrədir. Sağlam informasiya cəmiyyəti qadağalarla yox, şüurlu istifadə mədəniyyəti ilə formalaşır”.
Arzu Poladova
