Türkiyənin Avropa Birliyinə üzvlük müzakirələrində yeni fəsil açılıb
Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin Hökumətlərarası konfransının 11-ci iclasında 17 nömrəli iqtisadi və maliyyə fəsli müzakirə edilib.
İnformator Anadolu agentliyinə istinadən xəbər verir ki, bununla da Türkiyənin AB-ə qoşulma müzakirələrində açılan fəsillərin sayı 15-ə çatıb. Yeni fəsil AB-nin iqtisadi siyasəti azad rəqabətə əsaslanan açıq bazar iqtisadiyyatının təməlində rəqabət gücünün artırılması, innovasiyanın təşkili, davamlı inkişafın təmin edilməsi, böyümə və məşğulluğun artırılması kimi ortaq hədəflər istiqamətində üzv ölkələrin iqtisadi siyasətlərinin uyğunlaşdırılmasını əhatə edir.
Maliyyə siyasəti çərçivəsində isə qiymət sabitliyinin mühafizəsinə yönəlmiş tək maliyyə siyasətinin tətbiq edilməsini hədəfə alıb. Bu çərçivədə Mərkəz banklarının müstəqilliyinin təmin edilməsi, ictimai sektorun maliyyə sektoruna imtiyazlı daxil olmasını əngəlləmək və mərkəz bankları tərəfindən maliyyələşdirmənin qadağan olunması məqsədi daşıyır.
Xarici işlər naziri Mövlud Çavuşoğlu “iki il sonra bir fəslin açılması simvolik dəyəri yüksək olan işdir. Bu sadəcə Türkiyə və AB üçün deyil, bütün bölgə üçün vacibdir”,-deyib.
İclasda Türkiyəni AB ilə müzakirə heyəti sədri Avropa Birliyi naziri və baş müzakirəçi Volkan Bozkır, İqtisadiyyata məsul baş nazir köməkçisi Mehmet Şimşek və xarici işlər naziri Mövlud Çavuşoğlu, Avropa Birliyi Şurasını isə dönəm sədri Lüksemburq xarici işlər naziri Jean Asselborn, növbəti dönəm sədri Niderland xarici işlər naziri Bert Koenders, Avropa Komissiyası adına Avropa Qonşuluq Siyasəti və Genişlənmə müzakirələrində məsul AB Komissiyası üzvü Johannes Hahn təmsil edib.
