00:00:00
Yazar
Admin User
25.11.2025 18:22 194 3 dəq oxuma
Sosial

Tam ştatlı müəllimlər üçün sertifikasiya yeniliyi

Tam ştatlı müəllimlər üçün sertifikasiya yeniliyi

Təhsil Nazirliyi müəllimlərin sertifikasiya prosesinə dair yeni qaydanı açıqlayıb. Məlumata görə, ardıcıl iki dəfə sertifikasiyada yüksək nəticə göstərən və hazırda tam ştatlı işləyən müəllimlər artıq üçüncü dəfə sertifikasiya imtahanına cəlb olunmayacaqlar. Bu dəyişiklik müəllimlərin peşəkar fəaliyyətində sabitliyi artırmaq və təkrar imtahan yükünü azaltmaq məqsədi daşıyır.

 

Qaydaya əsasən, nəticələri stabil olan müəllimlər üçün əlavə sertifikasiya mərhələsi tələb olunmur və onlar əvvəlki göstəricilərinə uyğun olaraq fəaliyyətlərini davam etdirə bilirlər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, əslində, biz bunu yenilik kimi qəbul etməməliyik:

 

"Əmək Məcəlləsində bu prosedurlar tənzimlənir. Məsələn, dövlət qulluğunda da belədir. Şəxs əgər işə qəbul imtahanla qəbul olunursa və iki dəfə də sertifikat alırsa, yəni bu, artıq ikinci, buna həmişəlik verilir. Yəni iş prosedurlarında bu vardır, yenilik deyil. Amma yenə də bu qaydanın tətbiqi müəllimlərin sertifikasiya prosesində müəyyən müsbət tərəfləri var. Yəni, ard-arda iki dəfə yüksək nəticə göstərən müəllimlərin üçüncü dəfə imtahana cəlb olunmaması onların özünü dəyərli hiss etməsinə səbəb olur və müəllim öz əməyinin tanındığını görür və bu, işinə münasibətə müsbət təsir edir. Təcrübəli və artıq özünü sübut etmiş müəllimlər əlavə imtahan stressindən azad olurlar, sertifikasiyaya hazırlaşmamaqla və onlar imtahan hazırlığına deyil, dərs keyfiyyətinin artırılmasına daha çox fokuslana bilərlər.Bu qayda müəllimlərə göstərir ki, ardıcıl yüksək nəticə həm maddi, həm də prosedur üstünlüklərə səbəb ola bilər. Digər müəllimlər üçün bir növ motivasiya yaradır. Amma sertifikasiyadan iki dəfə yüksək nəticə qazanmaq və sonra imtahana cəlb olunmamaq müsbət olsa da, elə bir prosedur yaradılmalıdır ki, müəllim artıq düşünməsin ki, bu, iki dəfə müsbət yüksək nəticə alıb və özünü yeniləmək hissini zəiflətməsin. Eləcə də tədris metodikasında, kurikulumda və fənn tələblərində dəyişiklik olanda müəllim bu dəyişikliklərə adaptasiyadan geri qalmasın, özünü inkişaf etdirməyə davam eləsin.

 

Nəzərə alaq ki, sertifikasiya yalnız imtahan deyil, həm də müəllimin biliklərinin yenilənməsini stimullaşdıran bir sistemdir. Bu baxımdan, ən azından məktəbdaxili qiymətləndirmə gücləndirilməlidir ki, müəllim yenilikdən bir növ özünü xilas kimi hiss eləməsin. Təbii ki, sertifikasiya yükünün azalması məktəblərdə daxili monitorinqin gücləndirilməsi üçün əlavə fürsət yarada bilər. Nazirliyin müəllim fəaliyyətinə digər vasitələrlə nəzarət mexanizmi inkişaf etdirməsinə zəmin ola bilər. Məsələn, dərs müşahidələri və bu kimi qiymətləndirmə ola bilər.Əgər alternativ monitorinq mexanizmləri yaxşı işləməzsə, yüksək nəticə göstərmiş müəllimlərin tədris keyfiyyətində mümkün geriləmə aşkar edilə bilər. Müəllimin bilik və bacarıqları yalnız imtahanla deyil, 6-7 il ərzindəki praktiki fəaliyyətlə də ölçülməlidir. Bu isə daha çətin və resurs tələb edən, düzdür, bir prosesdir.

 

Üçüncü dəfə sertifikasiyaya cəlb olunmamaq peşəkar, təcrübəli və sabit nəticə göstərən müəllimlər üçün ciddi rahatlıq və motivasiya verə bilər. Lakin dediyim kimi, sistem davamlı keyfiyyəti qurmaq üçün paralel olaraq məktəbdaxili qiymətləndirmə gücləndirilməlidir. Metodik xidmətlər daha effektiv işləməlidir. Bəzi müəllimlər üçün mütəmadi təlim və inkişaf proqramları genişləndirilməlidir. Yoxsa, uzunmüddətli dövrdə bəzi müəllimlərin yeniliklərdən geri qalması riski yarana bilər".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyev isə bildirib ki, ümumiyyətlə, sertifikasiya müəllimlərin bu peşəyə yiyələnən və fəaliyyət göstərən insanların daha da məsuliyyətlə yanaşmalarına, öz sahələri üzrə inkişaf etmələrinə zəmin yaradır:

 

"Yeni qərarın bu formada icra olunması isə artıq özünü təsdiq edən, savadı və akademik göstəriciləri ilə yüksək nəticələr əldə edən müəllimlər üçün əlavə imkanlar yaradır. Çünki bu, çox doğru bir yanaşmadır: əgər bir müəllim, bir peşə sahibi, öz ixtisasına uyğun suallara və müəyyən imtahanlara nəticə etibarilə yüksək savad və biliklə cavab verə bilirsə, düşünürəm ki, həmin şəxsin əlavə sertifikasiyaya cəlb edilməsinə ehtiyac yoxdur.

 

Mənim fikrimcə ümumiyyətlə, ilk prosesdən sonra müəyyən keçid balını toplayan müəllimlərin gələcəkdə təkrar sertifikasiyaya cəlb edilməsinə ehtiyac qalmamalıdır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər