00:00:00
Yazar
Admin User
21.11.2025 19:01 87 2 dəq oxuma
Sosial

“Tamştatlı müəllim” modeli

“Tamştatlı müəllim” modeli

Emin Əmrullayev “Diqqət mərkəzində” verilişində açıqlamasında bildirib ki, məqsəd müəllimin daha geniş fəaliyyət imkanlarının olmasıdır:

 

Hazırda “tamştatlı müəllim” anlayışı yalnız 30–36 saatlıq həftəlik iş yükü kimi tənzimlənir, amma konkret mexanizm yoxdur. Biz isə bu işi real 30–36 saatlıq iş modeli kimi görürük. İdman müəllimi məktəb turnirləri təşkil edə bilər. Bu fəaliyyətlər hazırda faktiki olaraq edilir, amma ödənişsiz edilir.

Məsələn, idman müəllimi məktəbdə turnir keçirir. Amma biz bu işə maaş vermirik. Niyə? Çünki onun iş saatı yalnız dərs yükünə hesablanır. Yeni modeldə isə bu fəaliyyətlərə görə ödəniş ediləcək”.

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Murad “İnformator.az”a açıqlamasında bildirib ki, əgər müəllimə lazımi vaxt və şərait verilsə, o, şagirdə həm dərsi yüksək səviyyədə öyrədər, həm də arzu olunan effekti verə bilər:

 

“Ölkədə tətbiq olunmağa başlayan yeni təhsil layihəsi təhsilə müsbət təsir göstərəcək. Xüsusilə də məktəbdə qalaraq işləyən müəllimlərin marağı daha da artacaq. Çünki bu sistem indiki şəraitlə müqayisədə müəllimlər üçün daha əlverişli olacaq.

Əvvəllər müəllimlər vaxt məhdudiyyəti səbəbindən dərs zamanı şagirdə istədiyi bilikləri tam şəkildə çatdıra bilmirdilər. Bəzən cəmiyyətdə belə yanlış fikirlər formalaşırdı ki, müəllimlər bilərəkdən dərsi zəif keçirlər ki, şagirdləri repetitorluğa yönəltsinlər. Amma bu, tamamilə yanlış yanaşmadır. Müəllimlik peşəsi belə bir anlayış üzərində qurula bilməz. Əgər müəllimə lazımi vaxt və şərait verilsə, o, şagirdə həm dərsi yüksək səviyyədə öyrədər, həm də arzu olunan effekti verə bilər.

Yeni sistem müəllimə həm tədris saatlarını daha səmərəli planlaşdırmaq, həm də əlavə işlərə vaxt ayırmaq imkanı verəcək. Günün birinci yarısında tədrislə, ikinci yarısında isə şagirdlə fərdi məşğul ola biləcək. Bu da həm təhsilin keyfiyyətini artıracaq, həm də müəllim-şagird münasibətlərini gücləndirəcək.

Digər mühüm məsələ isə maddi maraqdır. Müəllimlərə layiqli əməkhaqqı verildikdə, onların məktəbdə işləməyə marağı artacaq. Əvvəllər müəllimlər dolanışıqlarını təmin edə bilmədikləri üçün repetitorluq və ya başqa əlavə işlərə üz tuturdular. Amma əgər yeni layihədə nəzərdə tutulan maaş müəllimin ehtiyaclarını ödəyərsə, bu, onu məktəbdə qalaraq işləməyə həvəsləndirəcək.

 

Bu sistem kişi müəllimlərin də məktəbə cəlb olunmasına töhfə verə bilər. Maaş sistemi elə qurulmalıdır ki, kişi müəllimlər də orta məktəblərdə tam iş günü ərzində çalışsın, tədrisə və şagirdə fokuslana bilsinlər. Repetitorluq və əlavə iş axtarmaq məcburiyyətində qalmasınlar.

Əgər bu layihə düzgün şəkildə həyata keçirilərsə, onun təhsilin keyfiyyətinə ciddi müsbət təsir göstərəcəyinə inanıram. Gələcəkdə nəticələrə baxacağıq və görəcəyik ki, bu dəyişikliklər hansı effekti verəcək. O zaman daha dəqiq qiymətləndirmə aparmaq mümkün olacaq”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər