00:00:00
Yazar
Elmira Ağayeva
13.05.2026 20:27 165 2 dəq oxuma
Siyasət

Tarixə qovuşan Minsk qrupu: "Azərbaycan regional və qlobal diplomatiyada mövqeyini möhkəmləndirir"

 

Tarixə qovuşan Minsk qrupu: "Azərbaycan regional və qlobal diplomatiyada mövqeyini möhkəmləndirir"

ATƏT-in Minsk qrupunun fəaliyyətinin faktiki olaraq başa çatması Cənubi Qafqazda uzun illər davam edən münaqişə diplomatiyasının yeni mərhələyə keçdiyini göstərir. Prezident İlham Əliyevin Zəngilanda etdiyi çıxışda bu qurumla bağlı səsləndirdiyi tənqidi fikirlər isə Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi reallıqların beynəlxalq səviyyədə qəbul etdirilməsi istiqamətində atdığı ardıcıl addımların davamı kimi qiymətləndirilir.

 

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Pərviz Mirizadə bildirib ki, Azərbaycan və Ermənistan arasında keçmiş Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu 1992–2020-ci illərdə aktiv, 2020–2025-ci illərdə isə passiv fəaliyyət göstərməsinə baxmayaraq, proses çərçivəsində heç bir müsbət siyasi nəticə ilə yadda qalmayıb:

 

 

 

“Sözügedən qurum aktiv fəaliyyət dövründə, yəni İkinci Qarabağ müharibəsinə qədər əsasən münaqişənin dondurulmasına çalışırdı. Mahiyyət etibarilə isə prosesin zamanla İrəvanın xeyrinə nəticələnməsinə xidmət edirdi. Bunu ayrı-ayrılıqda həmsədr ölkələrin siyasi yanaşmalarında açıq şəkildə müşahidə etmək mümkün idi.

 

 

 

Xüsusilə, Fransa və Rusiya fəal şəkildə Ermənistanı dəstəkləyərək işğalı stimullaşdıran ritorika nümayiş etdirirdilər. Bununla yanaşı, hər üç həmsədr ölkənin regionda öz maraqlarının olması yekunda arzuolunmaz vəziyyət yaradırdı.

 

 

 

Buna baxmayaraq, 2020-ci ildə vəziyyət köklü şəkildə dəyişdi və Azərbaycan hərbi güc tətbiq etməklə öz ərazi bütövlüyünü bərpa etdi, eyni zamanda BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrinin yerinə yetirilməsini təmin etdi.

 

 

 

Əlbəttə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müharibəyədək icra olunmaması beynəlxalq hüquqa və ədalət prinsiplərinə inamı azaldan əsas amillərdən biri idi. Mövcud reallıq ondan ibarətdir ki, müasir dövrdə beynəlxalq hüquq anlayışı bir çox hallarda böyük güclərin maraqlarına xidmət edən mexanizm kimi qiymətləndirilir. Bu səbəbdən beynəlxalq hüquqa inam artıq qlobal miqyasda kifayət qədər aşağı səviyyədədir”.

 

 

 

Ekspert qeyd edib ki, artıq ATƏT-in Minsk qrupu və münaqişə çərçivəsində Azərbaycana qarşı tətbiq edilən ikili standartlar tarixin arxivinə qovuşur:

 

 

 

“Minsk qrupu kimi münaqişənin həllindən daha çox təmsil etdikləri dövlətlərin regional maraqlarına xidmət edən bir strukturun fəaliyyətinin başa çatması Vaşinqton razılaşmaları fonunda yeni dinamikanın formalaşmasına səbəb olub.

 

 

 

Rəsmi Bakı və İrəvan sülh gündəliyinə uyğun şəkildə mərhələli olaraq yekun sülh sazişinə yaxınlaşır. Keçmiş yanaşmaları özündə əks etdirən ATƏT-in Minsk qrupunun fəaliyyətinin sona çatması Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilə bilər”.

 

 

 

Ədilə Hüseynzadə

 

 

 

#Azərbaycan #ATƏT
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər