Tarixi və mənəvi əhəmiyyət
AZAL-ın vitse-prezidenti İlham Əmirov J2-8243 reysinin xatirəsinə buraxılan poçt markasının təqdimatı zamanı çıxış edərək bildirib ki, bu təşəbbüs həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə mühüm mənəvi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, poçt markaları təkcə poçt-rabitə vasitəsi deyil, eyni zamanda tarixi yaddaşı yaşadan və cəmiyyətin kollektiv xatirəsini qoruyan simvollardır.
İlham Əmirov qeyd edib ki, belə markalar illər sonra da albomlarda qalaraq baş verən hadisələri gələcək nəsillərə çatdırır və insanların yaddaşında həmin faciənin unudulmamasına xidmət edir. O vurğulayıb ki, J2-8243 reysinə həsr olunmuş poçt markasının dövriyyəyə buraxılması xatirənin uzunömürlü olmasına və daha geniş ictimaiyyətə çatdırılmasına imkan yaradır.
Mövzu ilə bağlı tarixçi Boran Əziz “İnformator.az”a açıqlamasında bildirib ki, bu markaya baxan insanlar düşünməyə vadar olurlar:
“Poçt markalarının nəşri, istər ölkə daxilində, istərsə də xaricdə tanıdılması əhəmiyyətli hadisələrdəndir. Çünki poçt markası adətən bir millətin müəyyən zaman kəsiyindəki yaşam prinsiplərini, arzu və istəklərini, onun mədəniyyətini və bu mədəniyyətin müxtəlif sahələrini həm ölkədə, həm də xaricdə tanıtmaqda böyük rol oynayır.
Poçt markalarına görə həm ölkədə, həm də beynəlxalq sərgilərdə xüsusi diqqət yetirilir. Belə sərgilərdə şəxsi kolleksiyalarda olan nadir poçt markaları da nümayiş etdirilir. Bu səbəbdən onlara maraq çox böyükdür. Kiçik ölçülü olmasına baxmayaraq, bu markalar vasitəsilə bəzi insanlar müxtəlif xalqların milli-mənəvi dəyərlərə, tarixə və hadisələrə münasibətini müəyyən edə bilirlər.
Poçt markalarının nəsildən-nəslə ötürülməsini təmin edən simvolik dəyəri var və onların nəşri, insanlara çatdırılması, təbliğ edilməsi çox düzgün bir addımdır. Bu baxımdan AZAL-a məxsus Bakı–Qroznı reysi ilə uçan təyyarənin vurulması və 38 nəfərin həlak olması xalqımızın yaddaşından heç vaxt silinməyəcək böyük bir faciədir. Belə bir faciənin gələcək nəsillərə çatdırılması, günahsız insanların həyatdan məhrum edilməsinin yadda saxlanılması çox vacibdir.
Çünki bu markaya baxan insanlar düşünməyə vadar olurlar: bu təyyarə niyə vurulub? Günahsız insanlar niyə həlak olub? Məsuliyyət daşıyanlara cəza verilibmi? Belə suallar ortaya çıxır. Bu suallarla yanaşı, təyyarənin vurulduğu ölkənin rəhbərliyinin və məsul şəxslərinin nə dərəcədə ədalətli və məsuliyyətli olması barədə də düşünülür.
Bu səbəbdən belə təşəbbüslər yüksək qiymətləndirilməlidir. Həm Azərbaycanda, həm də xaricdə insanların yaddaşının formalaşması, onların haqqa, ədalətə inanması, dürüst və vicdanlı olmaları, həmçinin dövlətdən də bunu tələb etmələri üçün bu cür təşəbbüslər çox önəmlidir. Belə poçt markaları həm də bu cür faciələrin gündəmdə saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından doğru addım hesab edilməlidir”.
Aydan Əsgərxanlı
