“Tayvana silah satışı ABŞ-Çin dialoqunda gərginlik yaradıb”
ABŞ lideri ilə Çin Xalq Respublikasının rəhbəri arasında planlaşdırılan görüşün baş tutmaması ehtimalı gündəmə gəlib. Məlumata görə, tərəflər arasında mövcud siyasi gərginlik və prinsipial fikir ayrılıqları görüşün reallaşmasına ciddi maneə yarada bilər.
Mövzu ilə bağlı politoloq Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirir ki, Donald Trampla Si Cinpin arasında ehtimal olunan görüşün təxirə salınması və ya ləğvi ilk növbədə ABŞ-nin Tayvana böyük həcmdə silah satışı planları ilə bağlıdır:
“Pekin bu addımı Çinin suverenliyinə birbaşa təhdid kimi qiymətləndirir. “Vahid Çin” yanaşmasına əsasən Tayvan Çin Xalq Respublikasının ayrılmaz hissəsi hesab olunur və Si Cinpinin siyasi strategiyasının əsas hədəflərindən biri məhz bu konsepsiyanın reallaşdırılmasıdır. ABŞ-nin Tayvana silah satışı isə bu siyasətin qarşısında ciddi maneə yaradır və Pekinin Vaşinqtona etimadını zəiflədir. Belə bir vəziyyətdə Çin tərəfi yüksək səviyyəli siyasi dialoqu mənasız hesab edə və görüşdən imtina edə bilər. Bu addım ABŞ–Çin münasibətlərində onsuz da mövcud olan gərginliyi daha da dərinləşdirəcək. İki böyük güc arasında münasibətlərin pisləşməsi təkcə siyasi müstəvidə deyil, qlobal iqtisadiyyat üçün də ciddi risklər yaradır. ABŞ və Çin dünya iqtisadiyyatının əsas lokomotivlərindən hesab olunduğu üçün bu iki ölkə arasında gərginlik ticarət zəncirlərinə, maliyyə bazarlarına və beynəlxalq investisiya axınlarına mənfi təsir göstərə bilər. Görüşün baş tutmaması qlobal siyasi proseslərdə qeyri-müəyyənliyi artıracaq və beynəlxalq münasibətlər sistemində yeni gərginlik ocaqlarının yaranmasına yol aça bilər. Belə bir ssenaridə bu gərginliyin nəticələrini yalnız ABŞ və Çin deyil, demək olar ki, bütün dünya hiss edəcək”.
Ayşə Müzəfərli
