00:00:00
Yazar
Admin User
06.02.2026 09:34 50 3 dəq oxuma
Sosial

"Təbii" adı ilə satılan qidalar həqiqətən təbiidirmi?

"Təbii" adı ilə satılan qidalar həqiqətən təbiidirmi?

Son illər bazar və marketlərdə "təbii", "orqanik", "ev məhsulu"adı ilə satılan qidaların sayı artıb. Lakin bu adların həmişə reallığı əks etdirmədiyi bildirilir. İstehlakçılar isə məhsulun doğrudan da təbii olub-olmadığını ayırd etməkdə çətinlik çəkirlər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, son illər "təbii", "orqanik", "ev məhsulu" kimi ifadələr qida satışında cəlbedici bir marketinq alətinə çevrilib:

 

"Lakin bu adların etiketdə yazılması məhsulun avtomatik olaraq həqiqətən təbii olması demək deyil. Çox vaxt istehlakçı ilə real istehsal prosesi arasında ciddi fərqlər olur.

"Təbii"adı ilə satılan qidaların tərkibini laborator analiz olmadan tam dəqiqliklə müəyyən etmək mümkün deyil. Qidanın tərkibində pestisid, süni rəngləndirici, qoruyucu maddə və ya hormon olub-olmadığını yalnız laborator analiz göstərə bilər. Lakin bəzi vizual əlamətlər ilkin fikir formalaşdıra bilər. Məsələn, meyvə-tərəvəzin həddindən artıq parlaq, eyni ölçülü və uzunömürlü olması, süd və süd məhsullarının tez xarab olmaması, ət məhsullarının qeyri-adi rəng saxlaması şübhə doğura bilər. Amma bunlar yalnız ehtimaldır, sübut deyil.

 

Ən önəmli göstərici rəsmi sənədlərdir. Sertifikatlar (orqanik sertifikat, uyğunluq sənədi), istehsalçı məlumatı və məhsulun izlənəbilənliyi (harada, kimin istehsal etməsi) mühüm rol oynayır. Etiketdə tərkib hissələrinin tam və aydın yazılması, "E" kodlarının və süni əlavələrin olmaması da müsbət göstəricidir. Qiymət də dolayı yolla ipucu verə bilər: tam təbii və orqanik məhsulun çox ucuz olması real deyil. Mövsümdənkənar "təbii" iddiası isə ayrıca sual doğurmalıdır.

 

İlk növbədə yalnız "təbii" sözünə inanmaq olmaz. Etiket oxumaq vərdişi formalaşdırılmalıdır. İstehsal və son istifadə tarixi, tərkib siyahısı, saxlanma şəraiti mütləq yoxlanmalıdır. Açıq bazarlarda "ev məhsuludur" deyə təqdim edilən qidalarda isə satıcının verdiyi məlumatın mənbəyi soruşulmalı, mümkün olduqda tanınan və etibarlı istehsalçılara üstünlük verilməlidir. Həmçinin istehlakçı bilməlidir ki, təbii məhsul hər zaman ideal görünüşlü olmur ölçüsü, rəngi və forması dəyişkən ola bilər.

 

Nəticə olaraq, "təbii" adı hüquqi və elmi baxımdan həmişə konkret məna daşımır və çox vaxt marketinq məqsədi daşıyır. İstehlakçının əsas qoruyucusu isə məlumatlı olmaq, tənqidi yanaşmaq və şüurlu seçim etməkdir".

 

Mövzu ilə bağlı açıqlamasında satıcı Mehriban Əzimova bildirib ki, məhsulların təbii olduğunu sübut etmək onlar üçün çox önəmlidir:

 

"Bunun üçün istehsal prosesində istifadə olunan bütün xammal sertifikatlıdır və hər bir mərhələdə keyfiyyət yoxlamaları aparılır. Məhsullarımızda heç bir süni qatqı, konservant və ya rəngləyici maddə yoxdur. Hətta bəzi məhsulları hazırlayarkən ənənəvi üsullardan istifadə edirik ki, onların dadı və keyfiyyəti mümkün qədər təbiiliyi əks etdirsin. Alıcılar istədikləri zaman laborator analizlər üçün müraciət edə, məhsulun tərkibini yoxlaya bilərlər. Biz həmçinin məhsulların etiketlərində bütün tərkib hissələrini açıq şəkildə göstəririk ki, insanlar nə aldığını bilsin. Bizim üçün əsas məsələ alıcının etimadını qazanmaq və ona sağlam, keyfiyyətli məhsul təqdim etməkdir".

 

Mövzu ilə bağlı danışan alıcı Səma Mustafayeva bildirib ki, o, məhsul alarkən "təbii"və "orqanik" yazılarına həmişə diqqət yetirir, amma buna tam inamla baxa bilmir:

 

"Çünki bazarda çox vaxt yazılar sadəcə reklam xarakteri daşıyır, həqiqəti əks etdirmir. Ona görə də məhsulu seçərkən etiketi oxumaq, tərkibini nəzərdən keçirmək və mümkün olduqda sertifikatlarını yoxlamaq mənim üçün vacibdir. Həmçinin məhsulun görünüşü, qoxusu və qablaşdırması da diqqətimi çəkir. Məsələn, təbii məhsullar adətən kimyəvi qoxu daşımır və rəngi də çox parlaq olmur. Bəzən isə sadəcə brend və tanınmışlıq da qərar verməyə kömək edir. Mənim üçün əsas olan sağlamlıqdır, ona görə də aldığım məhsulun həqiqətən təbii olduğunu anlamağa çalışıram və lazımsız riskə girmirəm".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər