00:00:00
Yazar
Admin User
20.01.2026 16:02 216 4 dəq oxuma
Sosial

Təcrübə keçən tələbələrə əmək müqaviləsi bağlanacaq

Təcrübə keçən tələbələrə əmək müqaviləsi bağlanacaq

Son dövrlərdə təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu addımlardan biri də təcrübə keçən tələbələrlə əmək müqaviləsinin bağlanması təşəbbüsüdür.

 

Mövzu ilə bağlı "İnformator.az"a insan resursları üzrə ekspert, təlimçi Sevinc Nəcəfova bildirib ki, indiyədək tələbələrin böyük əksəriyyəti təcrübə müddətini əmək müqaviləsi bağlanmadan, daha çox formal və qeyri-rəsmi şəkildə keçib:

 

 

"Bu prosesdə tələbələr real iş mühitində iştirak etsələr də, onların hüquqi statusu aydın olmayıb, sosial təminatları mövcud olmayıb və gördükləri iş əmək stajı kimi tanınmayıb. Bu vəziyyət həm tələbələr, həm də işəgötürənlər üçün müəyyən risklər yaradıb. Tələbələr faktiki olaraq işləsələr də, əmək qanunvericiliyinin verdiyi hüquqlardan kənarda qalır, işəgötürənlər isə gənclərin təcrübə adı altında gördüyü işlərin hüquqi çərçivəsini dəqiq müəyyənləşdirə bilmirlər. Məhz bu boşluqlar təcrübə prosesinin daha şəffaf, təhlükəsiz və qanuni əsaslarla tənzimlənməsinə ehtiyac yaradıb.

 

Bu zərurətdən irəli gələrək, təcrübə keçən tələbələrlə əmək müqaviləsinin bağlanması təşəbbüsü gündəmə gəldi və buradakı əsas məqsəd təcrübəni sadəcə tanışlıq mərhələsi deyil, real əmək münasibətlərinin bir hissəsinə çevirmək olub. Təcrübə keçən tələbələrlə əmək müqaviləsinin bağlanması onların hüquqi statusunu köklü şəkildə dəyişir. Bu halda tələbə sadəcə müşahidəçi və ya qeyri-rəsmi təcrübəçi deyil, əmək qanunvericiliyinə uyğun olaraq rəsmi işçi kimi tanınır.

 

Nəticədə tələbə əmək münasibətlərindən irəli gələn bütün əsas hüquqlardan yararlanır. Əmək müqaviləsi bağlanan tələbələrin fəaliyyəti qanunvericiliklə tənzimlənir, sosial sığorta təminatı yaranır və bu müddət əmək stajına daxil edilir. Bu isə gələcəkdə pensiya hüquqları və digər sosial təminatlar baxımından mühüm əhəmiyyət daşıyır.

 

Eyni zamanda tələbənin gördüyü iş qarşılığında ödəniş alması, iş vaxtı və istirahət rejiminin müəyyən edilməsi, təhlükəsiz və sağlam əmək şəraitində çalışması təmin olunur. Ən vacib məqamlardan biri də ondan ibarətdir ki, əmək müqaviləsi tələbənin hüquqlarının qorunması üçün hüquqi mexanizmlər yaradır. Hər hansı mübahisə və ya hüquq pozuntusu zamanı tələbə artıq qanun çərçivəsində öz hüquqlarını tələb edə bilir.

 

Bu yanaşma təcrübə anlayışını daha şəffaf, məsuliyyətli və qarşılıqlı öhdəliklərə əsaslanan bir prosesə çevirir. Bu yeniliyi gənclərin əmək bazarına çıxışını asanlaşdıran və iş tapmaq imkanlarını real şəkildə artıran mühüm mexanizm kimi qiymətləndirə bilərik. Ən böyük problemlərdən biri olan “təcrübə tələbi, amma rəsmi sübutun olmaması” məsələsi bu model vasitəsilə aradan qalxacaq. Tələbələr artıq təcrübə dövründə rəsmi əmək münasibətlərində iştirak edərək real iş bacarıqları qazanacaqlar. Əmək müqaviləsi ilə keçilən təcrübə işəgötürənlər üçün də əlavə üstünlüklər yaradacaq. Şirkətlər gənc kadrları uzunmüddətli perspektivdə tanımaq, onların potensialını qiymətləndirmək və gələcəkdə daimi işlə təmin etmək imkanı əldə edəcəklər. Bu isə məzun olduqdan sonra işə qəbul prosesini xeyli sürətləndirəcək. Digər tərəfdən, gənclərin əmək bazarına erkən inteqrasiyası onların peşəkar məsuliyyət hissini artıracaq, əmək intizamını formalaşdıracaq və real iş mühitinə adaptasiyanı asanlaşdıracaq. Nəticə etibarilə bu yanaşma həm gənclər arasında işsizlik riskinin azalmasına, həm də əmək bazarında daha hazırlıqlı və praktiki biliklərə malik kadrların formalaşmasına xidmət edəcək. Bu imkan bütün tələbələr üçün ümumi və avtomatik şəkildə tətbiq edilən mexanizm deyil. Burada əsas yanaşma ondan ibarətdir ki, əmək müqaviləsi yalnız real əmək münasibətlərinin formalaşdığı hallarda bağlansın. Yəni tələbənin təcrübə müddətində faktiki olaraq iş prosesində iştirak etməsi, ona konkret məsuliyyətlərin verilməsi və bu fəaliyyətin işəgötürən üçün real dəyər yaratması əsas meyar kimi götürülür.

 

Eyni zamanda, təcrübənin təhsil müəssisəsinin proqramı ilə uyğunluğu da mühüm rol oynayacaq. Məqsəd istehsalat təcrübəsi dövründə tələbənin yalnız təcrübə yerlərində vaxt keçirməsi deyil, əldə etdiyi nəzəri bilikləri praktik bacarıqlara çevirməsidir. Bu baxımdan təcrübənin müddəti, iş rejimi və məzmunu diqqətlə qiymətləndirilməlidir. Qısa müddətli tanışlıq xarakterli təcrübələrdə əmək müqaviləsinin bağlanması məqsədəuyğun hesab edilmir. Bundan əlavə, tələbənin yaşı, təhsil pilləsi və əmək qanunvericiliyinin tələbləri də nəzərə alınır. Xüsusilə azyaşlı tələbələr üçün təhlükəsizlik və iş vaxtı ilə bağlı əmək qanunvericiliyi ilə müəyyən edilmiş əlavə məhdudiyyətlər mövcuddur. Digər tərəfdən, işəgötürən tərəfin bu mexanizmi tətbiq etmək üçün hüquqi və təşkilati imkanlarının olması da vacib şərtdir. Bu yanaşma onu göstərir ki, əsas məqsəd kütləvi şəkildə əmək müqaviləsi bağlamaq deyil, təcrübə prosesini keyfiyyətli, şəffaf və hüquqi cəhətdən düzgün şəkildə tənzimləməkdir. Beləliklə, həm tələbələrin hüquqları qorunacaq, həm də işəgötürənlə tələbə arasında sağlam və balanslı əmək münasibətləri formalaşdırılacaq."

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər