Təcrübə, ünsiyyət, inam
Könüllülük gənclərə praktiki təcrübə, yeni bacarıqlar və sosial əlaqələr qazandırır. Bu fəaliyyət onların özünə inamını artırır və gələcək təhsil və karyera imkanlarını genişləndirir.
Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin könüllüsü Nəzakət Abduyeva “İnformator.az”a açıqlamasında bildirib ki, bəli, mütləq tövsiyə edərdim:
“Çünki könüllülük təkcə boş vaxtı doldurmaq deyil, insanın özünü tanımasına kömək edir. Fərqli insanlarla ünsiyyət qurursan, məsuliyyət hissin artır və real həyatda lazım olan təcrübə qazanırsan. Üstəlik, gələcəkdə həm təhsil, həm də iş həyatında üstünlük yaradır. Könüllülük mənə həm şəxsi, həm də peşəkar baxımdan çox şey qatıb. İmkan olduqca bu sahədə aktiv qalmaq və daha çox layihədə iştirak etmək istəyirəm. Ən çox ünsiyyət bacarığım inkişaf edib. Komanda ilə işləməyi, vaxtı düzgün planlamağı və problemlərə daha çevik yanaşmağı öyrəndim. Eyni zamanda özümə inamım artıb və məsuliyyət hissim daha da güclənib”.
Digər könüllümüz isə Aytac Mustafayeva açıqlaçasında bildirib ki, gənclərə təlim və tədbirlərdə fəal iştirak etməyi tövsiyə edir:
“Könüllü fəaliyyətlərə qoşulmağın gənclər üçün çox faydalı olduğunu düşünürəm. Təlim və tədbirlərdə iştirak mənə həm təcrübə qazandırıb, həm də yeni dostlar və sosial çevrə yaradıb. Boş vaxtımı səmərəli dəyərləndirərək müxtəlif tədbir və konfranslara qatılıram.Jurnalistika ixtisasında oxuduğum üçün media yönümlü könüllü təşkilatlarda fəaliyyət göstərirəm. Bu, ünsiyyət bacarıqlarımı və özümə inamımı artırıb, komanda ilə işləməyi öyrədib. Düşünürəm ki, könüllülüyə universitet illərindən başlamaq gələcək karyera və CV üçün böyük üstünlükdür ”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin könüllülərinin sədri Güllü Hacızadə açıqlamasında bildirib ki, gənclərin könüllülüyə marağını artırmaq üçün son illərdə müxtəlif təşviqedici addımlar atılır:
“O cümlədən universitetlərdə və gənclər mərkəzlərində könüllülük proqramları yaradılır, sosial layihələr və ictimai kompaniyalar təşkil olunur, könüllülərə sertifikatlar, tövsiyə məktubları və bəzən də təlim imkanları təqdim edilir. Eyni zamanda könüllülük fəaliyyəti gənclər üçün yalnız sosial məsuliyyət deyil, həm də şəxsi inkişaf vasitəsi kimi təqdim olunur ki, bu da onların bu sahəyə marağını artırır. Könüllülük prosesində gənclər ünsiyyət bacarığı, komanda ilə işləmə, liderlik, vaxtın düzgün idarə olunması, məsuliyyət və problem həll etmə kimi mühüm bacarıqlar qazanırlar. Bu fəaliyyətlər onların özünəinamını artırır, cəmiyyətlə əlaqələrini gücləndirir və real iş mühitinə uyğunlaşmalarına kömək edir. Nəticə etibarilə könüllülük gənclərin gələcək karyerasına müsbət təsir göstərir, çünki əldə olunan bacarıqlar CV-də üstünlük yaradır, işəgötürənlər müsbət qiymətləndirilir və gənclərə peşəkar əlaqələr qurmaq imkanı verir. Onlar real iş mühiti ilə tanış olur, iş etikasını öyrənirlər”.
“İdman Könüllüəri və Azarkeşləri” ictimai birliyinin açıqlamasına görə, gənclərin könüllü fəaliyyətə cəlb olunması, demək olar ki, ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarının əksəriyyətində özünü göstərir:
“Məsələn, Formula 1, MDB oyunları, UFC turniri, Qarabağın AvroKubok oyunları kimi tədbirlərdə bizim könüllülər aktiv şəkildə iştirak ediblər. Gənclərin bu proqramlara cəlb olunmasının əsas səbəbi onların idmana olan marağıdır. Məsələn, futbolla maraqlananlar daha çox bu istiqamətdə fəaliyyətə gəlirlər. Digər idman növləri ilə maraqlananlar da həmin sahələr üzrə iştirak edirlər. Bizim öz könüllü bazamız mövcuddur. Saytımız vasitəsilə gənclər qeydiyyatdan keçirlər və ölkəmizdə keçirilən beynəlxalq yarışlarla bağlı elanlar açıldıqca, müraciət edib qoşula bilirlər. Könüllü fəaliyyətin gənclərin karyera imkanlarına birbaşa təsiri olduğunu düşünürəm. İdmana marağı olan bir çox könüllümüz artıq idman federasiyalarında işlə təmin olunub. Bizdə qazandıqları təcrübə onların karyera yolunda mühüm rol oynayıb. Gənclər təşkilatları ilə birbaşa əməkdaşlığımız olmasa da, bizim könüllü təşkilat olaraq üzvlərimizin əksəriyyətini tələbələr və gənclər təşkil etdiyindən, bu sahədə müəyyən əməkdaşlıqlarımız olur. Müxtəlif sərgi və forumlarda biz gənclər təşkilatları ilə birgə fəaliyyət göstəririk. Təşkilatımız rəsmi olaraq könüllü təşkilatı və ictimai birlik kimi fəaliyyət göstərsə də, üzvlərimizin çoxunun gənc olması bu istiqamətdəki fəaliyyətlərimizə də təsir edir”.
Mələk Hüseynova
