00:00:00
Yazar
Nərmin Həşimova
12.05.2026 20:01 17 2 dəq oxuma
Siyasət

Tehran ABŞ-nin rəsmi cavabını gözləyəcək- ŞƏRH

Tehran ABŞ-nin rəsmi cavabını gözləyəcək- ŞƏRH

Pakistanın vasitəçiliyi ilə Tehran və Vaşinqton arasında aparılan danışıqların yekun razılaşması müharibənin tam dayandırılması üzrə ilkin anlaşmaya bağlıdır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda ABŞ və İran arasında uzunmüddətli sülh sazişinin imzalanması perspektivi zəif görünür:


"ABŞ-İran münasibətlərinin gələcəyi hazırda davam edən danışıqların nəticəsindən ciddi şəkildə asılıdır. Lakin tərəflər arasında əsas məqsəd yalnız hərbi əməliyyatların dayandırılması deyil. Tehran və Vaşinqton yekun siyasi razılaşmaya gəlməyincə, əldə olunacaq hər hansı atəşkəs və ya müharibənin dayandırılması müvəqqəti xarakter daşıyacaq. Uzunmüddətli sabitlik üçün isə möhkəm və qəti sülh sazişinə ehtiyac var. Hazırkı mərhələdə tərəflərin əsas məsələlər üzrə ortaq mövqeyə gəlməsi çətin görünür. Bunun səbəbi həm İranın, həm də ABŞ-nin müəyyən etdiyi “qırmızı xətlər”dir. İran nüvə proqramının davam etdirilməsini, uzaqmənzilli raket proqramını, Hörmüz boğazı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını və uzun illərdir tətbiq olunan sanksiyaların ləğvini əsas prioritetləri hesab edir. Tehran bu məsələlərdən hər hansı biri üzrə geri addım atılmasını qəbuledilməz sayır".


Aydın Quliyev vurğulayıb ki, ABŞ əksinə, İranın nüvə proqramını öz təhlükəsizliyi üçün ciddi risk kimi qiymətləndirir və Tehranın nüvə silahına sahib olmasının qarşısını almaqda qərarlıdır:


" ABŞ hesab edir ki, İranın nüvə potensialının genişlənməsi region və dünya üçün təhlükə yarada bilər. Məhz bu səbəbdən tərəflər arasında hələlik əsas məsələlər üzrə konkret razılaşma əldə olunmayıb. İranın nüvə proqramı, raket istehsalı və sanksiyalarla bağlı kompromis əldə edilmədən uzunmüddətli sülhdən danışmaq mümkün deyil. Hazırda danışıqların hansı istiqamətdə aparıldığı barədə dəqiq məlumat yoxdur. Müzakirələrin əsasən vasitəçilər üzərindən aparılması yekun razılaşmanın əldə olunacağına zəmanət vermir. Yalnız birbaşa və üz-üzə danışıqlar tərəflərin konkret nəticəyə gəlməsi üçün real imkan yarada bilər. Hazırkı vəziyyətdə ABŞ və İran arasında uzunmüddətli sülh sazişinin imzalanması perspektivi zəif görünür. Ən real ssenari isə müəyyən müddətlik gərginliyin azaldılması və hərbi əməliyyatlara fasilə verilməsidir. Müharibənin davam etməsi hər iki tərəf üçün ciddi itkilərə səbəb olur. ABŞ üçün uzunmüddətli hərbi qarşıdurma həm beynəlxalq nüfuza, həm də daxili siyasi vəziyyətə mənfi təsir göstərir. Xüsusilə, ölkə daxilində müharibəyə qarşı ictimai və siyasi narazılıq artır. İran da müharibənin davamından ciddi sosial, iqtisadi və hərbi zərər görür. Buna görə də tərəflər üçün istənilən formada atəşkəs və ya müvəqqəti razılaşma faydalı hesab olunur. Hətta yekun sülh sazişi imzalanmasa belə, tərəflərin müəyyən müddətə hərbi əməliyyatları dayandırmağa nail olması onlar üçün mühüm qazanc sayıla bilər".


Səmayə Səftərova

#ABŞ #İran #cavab #rəsmi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər