Tehran masaya şərtlərini qoydu:Sanksiyalar, dəniz blokadası və Livan
İran yalnız Vaşinqton Tehranın bəyan etdiyi şərtləri yerinə yetirdikdən və praktiki zəmanətlər verdikdən sonra ABŞ ilə danışıqları bərpa etməyi nəzərdən keçirməyə hazırdır. Bu barədə İran təhlükəsizlik strukturlarındakı mənbə “Əl-Cəzirə” telekanalına bildirib. Mənbənin sözlərinə görə, İranın şərtləri arasında müharibəyə son qoyulması, İsrail qoşunlarının Livanın cənubundan çıxarılması üçün vaxt qrafikinin müəyyənləşdirilməsi, dondurulmuş vəsaitlərin azad edilməsi, dəniz blokadasının və yeni sanksiyaların aradan qaldırılması, hərbi təhdidlərin dayandırılması və neft sanksiyaları üzrə güzəştlərin verilməsi yer alır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, Tehranın masaya qoyduğu tələblər göstərir ki, İran üçün önəmli olan dialoqun özü deyil, tərəflərin hansı şərtlərlə və praktiki zəmanətlərlə razılaşacağıdır:
“İlkin mərhələdə ən real həll oluna biləcək məsələ, görünür, hərbi eskalasiyanın və xüsusilə, dəniz blokadasının dayandırılmasıdır. Çünki digər məsələlərin, yəni sanksiyaların tam aradan qaldırılması, dondurulmuş vəsaitlərin sərbəst buraxılması və neft ixracına uzunmüddətli güzəştlərin verilməsinin ABŞ üçün daha mürəkkəb siyasi və hüquqi nəticələri var. Üstəlik, Vaşinqton hazırda İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını danışıqların əsas məqsədlərindən biri kimi təqdim edir. Bu baxımdan ilkin razılaşma yalnız mərhələli mexanizm əsasında formalaşa bilər. İyun ayında tərəflərin artıq belə mərhələli yanaşmaya yaxınlaşdığı və texniki danışıqlar üçün yol xəritəsi razılaşdırdığı açıqlanıb”.
Vaşinqton və Tehran arasındakı danışıqların Livan böhranına təsirinə diqqət çəkən politoloq qeyd edib ki, hazırkı qarşıdurma daha geniş regional miqyas alıb:
“ABŞ-İran dialoqunun bərpasının Livan məsələsinə təsiri isə daha mürəkkəbdir. Çünki Livandakı qarşıdurma artıq İsrail-Livan münasibətləri çərçivəsində deyil, İran-ABŞ qarşıdurmasının regional ölçüsünün bir hissəsi kimi meydana çıxır. İyun danışıqlarında da Livanda döyüşlərin dayandırılması ayrıca müzakirə edilmiş və tərəflər arasında mümkün eskalasiyanın qarşısını almaq üçün əlaqələndirmə mexanizminin yaradılması razılaşdırılıb. Ona görə də ABŞ-İran danışıqlarının bərpası Livanda siyasi və hərbi gərginliyin azalması üçün əlavə diplomatik kanal yarada bilər. Lakin bunun avtomatik olaraq İsrail-Hizbullah qarşıdurmasını həll edəcəyini düşünmək düzgün olmaz. İsrail qüvvələrinin Livanın cənubundan çıxması, Hizbullahın silahlı imkanları və Livan ordusunun bölgədə nəzarəti kimi məsələlərin ayrıca razılaşdırılması lazım gələcək”.
Ekspertin fikrincə, Vaşinqton-Tehran təmaslarının bərpası Livan cəbhəsinə də öz təsirini göstərəcək, lakin bu proses asan və sürətli baş verməyəcək:
“Hazırda ABŞ vasitəçiliyi ilə İsrail və Livan arasında mümkün çıxış çərçivəsi müzakirə olunur və əsas düyünlərdən biri Hizbullahın silahsızlaşdırılması ilə İsrail qüvvələrinin geri çəkilməsi arasında qarşılıqlı şərtləndirmədir. ABŞ-İran dialoqunun bərpası yalnız iki ölkə arasındakı münasibətlərin normallaşması məsələsi deyil. Bu, Hörmüz boğazından Livana, İranın nüvə proqramından sanksiyalara qədər bir-biri ilə əlaqəli regional böhranların mərhələli şəkildə idarə olunması üçün daha geniş diplomatik mexanizmə çevrilə bilər. Hazırkı mərhələdə əsas məsələ isə tərəflərin bir-birinə hansı praktiki və yoxlanıla bilən təminatları verə biləcəyidir”.
Zəri Bayramlı