Telefon və ekranlar yuxu rejimini necə pozur?
Müasir dövrdə telefon, planşet və kompüterlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin xüsusilə yatmazdan əvvəl ekranlardan istifadənin yuxu keyfiyyətinə mənfi təsiri ilə bağlı mütəxəssislər tez-tez xəbərdarlıq edirlər. Bəs ekranlar yuxu rejimini hansı mexanizmlərlə pozur və bu vərdişlərdən necə qorunmaq olar?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Fatimə Hacıyeva bildirib ki, ekran istifadəsi və onun yaratdığı problemlər günümüzün ən aktual məsələlərindən biridir:
"Sadəcə olaraq, məsələ yalnız gec yatmaqda deyil. Burada psixoloji və fizioloji mexanizmlər var. Əvvəla, bədən saatı pozulur. Ekrana davamlı baxdığımız üçün gözümüz işığa öyrəşir, bu isə beyində yuxu hormonu olan melatoninin azalmasına səbəb olur. Beyin hələ də gündüz olduğunu zənn edir və bu, yuxuya getməyi çətinləşdirir. İkinci bir psixoloji mexanizm isə beynin daim aktiv qalmasıdır. Bildirişlər, məlumat axını, sosial mediada fasiləsiz informasiya beynin sakitləşməsinə imkan vermir. Beyin istirahət rejiminə keçə bilmir. Bu da insanı yorur və yuxusuzluğa səbəb olur. Telefona psixoloji asılılıq da mümkündür. Bu, narkotik kimi deyil, davranış asılılığı formasında özünü göstərir. Beyin bir müddətdən sonra yalnız rəng, səs, hərəkətə reaksiya verir və sakitlik onu sıxmağa başlayır. Məsələn, səs-küylü şəhərdə yaşayan biri sakit bir kənd mühitinə gedəndə özünü narahat hiss edir. Bu da sübut edir ki, beyin artıq stimulyasiyaya öyrəşib. Sosial şəbəkələr yuxuya getməni niyə gecikdirir? Çünki daim yeni məlumat axını, emosional yüklənmələr, qorxu, panika, başqaları ilə özünü müqayisə etmək kimi hallar beyni yükləyir. Beyin bu emosiyaları həll etməyə çalışdığı üçün yatağa girəndə belə susmur fikirlər dayanmır və bu, yuxuya getməni ləngidir. Həll yolları nədir? Yuxudan ən azı 1 saat əvvəl telefonu söndürmək, əgər istifadə edəcəksənsə, "night mode" və işıq filtrlərindən istifadə etmək, təmiz havada gəzmək, məsələn, balkon, həyət, kiçik gəzinti, sosial şəbəkələrdən uzaq durmaq Yatmazdan əvvəl sakit musiqi dinləmək, beyni fiziki və ya sakitləşdirici fəaliyyətlə məşğul etmək Mümkünsə, telefonu başqa otaqda saxlamaq və s. Bir sözlə, yuxu öncəsi sadə algoritmlərə əməl etmək, beynin sakitləşməsinə və keyfiyyətli yuxuya keçidinə kömək edir".
Gövhər Mehyəddinova
