00:00:00
Yazar
Ayan Sədi
14.02.2026 07:25 127 2 dəq oxuma
Media

“Televiziya jurnalisti yetişdirən məktəbdir” – Almaz Mahmud

“Televiziya jurnalisti yetişdirən məktəbdir” – Almaz Mahmud

Azərbaycanda Televiziyanın yaranmasının 70 illiyi münasibətilə mediadakı peşəkarların fikirləri bu sahənin əhəmiyyətini bir daha gündəmə gətirir. Televiziyadakı fəaliyyəti ilə bağlı düşüncələrini Teleradio Akademiyasının direktoru Almaz Mahmud “İnformator.az” saytı ilə bölüşüb. 

Bildirib ki, jurnalistin formalaşmasında televiziya mühüm rol oynayır:

 

“Radioda işləyirdim, beynəlxalq radiolarla əməkdaşlıq edirdim, amma televiziya həmişə mənim üçün daha maraqlı olub. Sözsüz ki, hadisələr, illərin təcrübəsi mənim bir jurnalist kimi formalaşmağımda rol oynayıb. Bir sözlə televiziyada işlədikcə jurnalist həm səhv edir, həm uğur qazanır və bunların hamısı insanı yetişdirir”.

 

 

Almaz Mahmud gənc yaşlarından reportyor kimi çalışdığı dövrün öz yaradıcılığı üçün əhəmiyyət kəsb etdiyini, onun peşəkar bünövrəsinin yaratdığını vurğulayıb. Qeyd edir ki, reportyorluq jurnalistikanın əsas sütunlarındandır:

 

“Reportyor olmaq jurnalistikanın əlifbası deyil, onun öz mükəmməlliyidir, dəqiqliyidir. Necə ki, bir cərrah əməliyyat masasında bütün tibbi vasitələrdən doğru istifadə etməsə, pasiyenti ölər, eləcə də, jurnalist hadisəni hərtərəfli təqdim etməsə, xəbər yarımçıq qalar. O zaman sənin reportajın sanki "ölü xəbər" kimi təqdim olunar”.

 

Almaz Mahmud vurğulayıb ki, sənədli filmlər üzərində işləməsi reportyor fəaliyyətinin davamı kimidir:

 

“Sənədli film mənim üçün reportajın daha böyük formasıdır, sadəcə daha dərin araşdırmadır. Ruandada soyqırımı, Keniyada iqlim qurbanları kimi mövzular mənim jurnalist həyatımda ikinci nəfəs olub. Qlobal mövzular üzərində işləmək mənə xüsusi motivasiya verir və bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətimdir".

 

Sonda gənc jurnalistlərə tövsiyə verən Almaz Mahmud peşədə əsas prinsipin vicdan və obyektivlik olduğunu deyib:

 

“Jurnalist ilk olaraq vicdanlı olmalı, özünə hörmət etməlidir. Özünə hörmət edən jurnalistə həm auditoriya inanır, həm də cəmiyyət hörmət göstərir”.

 

Ayan Sədi

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər