“Terminal yoxdur” bəhanəsi: Vergidən yayınan obyektlər və cəmiyyətə ziyan
Son illər vətəndaşların ən çox rastlaşdığı problemlərdən biri bəzi ictimai iaşə və xidmət obyektlərində “terminal işləmir” və ya “yalnız nağd ödəniş” kimi bəhanələrlə qarşılaşmaqdır. İlk baxışda adi texniki problem kimi görünən bu hallar əslində vergidən yayınma məqsədi daşıyır. Bu cür qanunsuz praktika təkcə dövlət büdcəsinə deyil, eyni zamanda dürüst sahibkarlara və istehlakçı hüquqlarına ciddi zərər vurur. Bəs “terminal yoxdur” deyimi arxasında hansı reallıqlar gizlənir və bu hallara qarşı hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı “İnfotmator.az” vətəndaşların və ekspertin rəyini öyrənib.
Vətəndaş İsmayıl Aslanov bizimlə fikirlərini bölüşüb:
“Demək olar ki, hər gün rastlaşıram. Xüsusilə kiçik kafe və servis obyektlərində kartla ödəmək istəyəndə dərhal deyirlər ki, terminal yoxdur. Halbuki qonşu obyektlərdə problemsiz işləyir. Bu artıq texniki problem yox, bilərəkdən edilən vergidən yayınmadır. Axırda ziyan yenə də bizə dəyir”.
Digər vətəndaş Teymur Rzayev:
“Əvvəllər nağd pul daşıyırdıq, indi isə kartla ödənişə öyrəşmişik. Amma bəzi yerlərdə sanki geri qayıtmışıq. Terminalın guya işləməməsi məni narahat edir. Dövlət qayda qoyubsa, hamı əməl etməlidir. Qayda yalnız kağız üzərində qalanda etibar da itir”.
Vətəndaş Xəyal Rzayev də öz fikirlərini vurğulayıb:
“Mən öz obyektimdə terminaldan istifadə edirəm və vergimi ödəyirəm. Amma bəziləri bunu etmədikdə, rəqabət də pozulur. Qanuna əməl edən sahibkar uduzur, yayınan isə üstün vəziyyətə düşür. Bu vəziyyət davam edərsə, dürüst biznesin yaşaması çətinləşəcək”.
Mövzu ilə bağlı “İnfotmator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, terminal yoxdursa və yaxud işləmirsə,bu inzibati məsuliyyət yaratmır:
“Ola bilər ki, doğrudan da obyektin terminalı xarab olub. O nə etməlidir? Həmin an alış-verişdən imtina eləməlidir? Əgər bu mütəmadi hal alırsa, dəfələrlə təkrarlanırsa və ard-arda eyni obyektdən dəfələrlə müştərilərin şikayəti olursa, bəli, burada inzibati məsuliyyət yaradır. Əlaqəli dövlət orqanları həm reyd keçirə, həm cərimə yaza bilə, həm də obyekti terminalları çalışdırmağa məcbur edə bilərlər. Aydındır ki, bu, vergidən yayınmaq üçündür. Amma burada bir məsələ də var. Əgər vergidən yayınmaq üçündürsə, deməli, vergilərin özündə də bir problem var. Vergilərin yüksək olması bu obyektləri, əsasən də kiçik, orta sahibkarları nəğd alış-verişə üstünlük verməyə məcbur edir. Burada hökumət də düşünməlidir ki, vergi dərəcəli olmalıdır ki, həm vətəndaşa, həm biznesə, həm də dövlətə sərfəli olsun. Qaydalar birtərəfli olmamalıdır”.
Banu Məmmədova
