Terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlıq
Azərbaycanın terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığı və bu sahədə təcrübəsi ölkənin təhlükəsizlik siyasətində mühüm yer tutur. Bəs terrorizmlə mübarizədə Azərbaycanın rolu nədən ibarətdir və mədəniyyətlərarası dialoq bu təhlükənin aradan qaldırılmasına necə kömək edə bilər?
Azərbaycanın terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığı və bu sahədə təcrübəsi ölkənin təhlükəsizlik siyasətində mühüm yer tutur. Bəs terrorizmlə mübarizədə Azərbaycanın rolu nədən ibarətdir və mədəniyyətlərarası dialoq bu təhlükənin aradan qaldırılmasına necə kömək edə bilər?
Mövzu ilə bağlı açıqlamasında politoloq Oqtay Qasımov bildirir ki, Azərbaycanın BMT nümayəndəsi ilə görüşü də ölkəmizin terrorizmə həssas yanaşması və bu sahədə təcrübəyə malik olması ilə bağlıdır:
"Azərbaycan terrorizmdən ən çox əziyyət çəkən ölkələrdən biridir. 1988-ci ildən Azərbaycana qarşı başlayan erməni terrorizmi çoxsaylı insan tələfatına səbəb olub. Bu baxımdan Azərbaycan terrorizmə qarşı mübarizədə hər zaman fəal mövqe nümayiş etdirib. Ölkəmiz həm daxili, həm də beynəlxalq səviyyədə bu istiqamətdə mühüm addımlar atıb".
Siyasi şərhçi həmçinin ölkəmizin bu mövzudakı beynəlxalq əməkdaşlıqlarını da ddiqqətə çatdırıb:
"Xüsusilə, 2001-ci ildən etibarən beynəlxalq terrorizmə qarşı əməliyyatlarda iştirak edib, İraq və Əfqanıstandakı sülhməramlı missiyalara töhfə verib. Terrorizm bütün dövrlərdə mövcud olan və gələcəkdə də ölkələr üçün təhlükə yarada biləcək bir bəladır. Buna görə də Azərbaycanın beynəlxalq qurumlarla bu sahədə əməkdaşlığını inkişaf etdirməsi vacib addımdır".
Oqtay Qasımov terrorizmlə mübarizənin vacibliyini xüsus vurğulayıb:
"Terrorizmə qarşı mübarizə bir neçə istiqamətdə aparılmalıdır. Bunlardan biri də mədəniyyətlərarası dialoqdur. Terrorizmi yaradan səbəblər aradan qaldırılmadıqca bu problemlə mübarizə aparmaq çətinləşir. Hazırda bir çox terrorçu təşkilat ideoloji əsaslarla fəaliyyət göstərir. Bu baxımdan dinlərarası və mədəniyyətlərarası dialoq gərginliyin azaldılmasına, terrorizmi doğuran və gücləndirən səbəblərin aradan qaldırılmasına kömək edə bilər. Ona görə də terrorizmə qarşı mübarizə yalnız sərt üsullarla deyil, eyni zamanda dialoq kimi yumşaq vasitələrlə də aparılmalıdır. Yalnız bu halda mübarizənin daha səmərəli nəticələr verməsi mümkündür".
Ayan Məmmədzadə