Test sistemi və düşünmə bacarığı: biz biliyi yoxlayırıq, yoxsa yaddaşı?
Təhsil sistemi şagirdləri yalnız biliyi mənimsəməyə, yoxsa yaddaşlarını sınamağa yönəldirmi? XXI əsrdə bilik artıq sadəcə kitab səhifələrində qalan informasiya deyil; düşünmə bacarığı, analitik təfəkkür və yaradıcılıq daha çox önəm daşıyır. Lakin test sistemi hələ də məktəb və universitetlərdə əsas ölçü vasitəsi olaraq qalır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Vüsal Kərimli bildirib ki, test insanların, düşünmə bacarığını deyil, eyni zamanda daha çox yaddaşını yoxlayır:
"Amma biz bu günləri, məsələn, universitetlərə qəbul sisteminə diqqət eləsək, testlərin tərtibatına baxsaq, bunlar daha çox yaddaş deyil, eyni zamanda məntiqi düşünmə, tənqidi, kritik düşünmə kimi suallar həddən artıq çoxluq təşkil edir və burada da bir qənaətə gəlirik ki, əslində bu tələbənin yaddaşın deyil, eyni zamanda onun tənqidi düşünmə bacarıqlarını düşünmə, ümumiyyətlə düşünmə və analiz etmə kimi bacarıqlarını inkişaf etdirir. Məsələn: oxuyub anlama var, dinləmələr var, imtahanlarda. İllər bundan öncə suallar sırf qrammatik və ya illər ardıcıllığına görə götürüldüsə, indi suallar tam başqa formatda qoyulur. Qaldı ki, ali təhsil müəssisələrində və orta məktəblərdəki biliklərin qiymətləndirilməsi:Mən düşünmürəm ki, bu bütün fənlər üçün deyilir, bu spesifik bəzi fənlər üçün tətbiq edilir. Əslində bunun tətbiq edilməsi anlaşılandır. Ümumiyyətlə, dünyada müəllimlərin akademik azadlıqları var. Yəni akademik azadlıq deyəndə müəllim özü öz fənninin spesifikasını bildiyi üçün onun imtahan formasının qiymətləndirilməsini də müəllim özü müəyyən edə bilir. O nöqteyi nəzərdən mən düşünmürəm ki, ümumi test sistemindən imtina etməliyik. Əgər biz müşahidə etsəydik ki, bütün təhsil müəssisələrində yeni ümumtəhsil və ali təhsildə bir neçə il bundan öncə bütün ixtisaslarda, bütün fənlərin hamısı testdən götürülürdüsə, artıq bu məsələ aradan qaldırılıbdır. Müəyyən spesifik fənlər üçün test tətbiq edilir və edilməsi də məqbul hesab edilir. Digər imtahan növləri daha çox ölkəmizdə yazılı imtahan forması və təbii ki, dil istiqamətində də dil fənlərində də, eyni zamanda həm də şifahi danışmaq bacarıqlarını dinləmə kimi ölçmələrdən də istifadə edilir. Mən düşünmürəm ki, Azərbaycanda tələbə biliyinin qiymətləndirilməsi ilə bağlı ciddi problemlər var. Zaman inkişaf etdikcə, dünya inkişaf etdikcə Azərbaycanda təhsil istiqamətində inkişaf edir. Dünyanın müxtəlif tətbiq modellərindən istifadə edilir və bizim ölkədə də bundan müəyyən formatlarda qiymətləndirmələr edilir. Mən düşünmürəm, burada problem var. Mən düşünürəm ki, bu formada olması, yəni imtahan, şəkil-tələbə biliyinin qiymətləndirilməsinin müxtəlif üsullardan istifadə edilməsi məqbuldur və dünyanın standartlarına da cavab verir".
Gövhər Mehyəddinova
