Texnologiya dövründə diqqət dağınıqlığı
Müasir texnologiyanın inkişafı insanların gündəlik həyatını asanlaşdırsa da, psixoloji və zehni sağlamlığa mənfi təsirləri barədə narahatlıqlar da artır.
Mövzu ilə bağlı psixoloq Rövşən Nəcəfov “İnformator.az”a bildirib ki, gündəlik informasiya artıq insanların həyat tərzinə çevrilib və insan informasiya olmadan özünü narahat hiss edir:
“İnformasiya bolluğu diqqəti yayındırır, beyin bir nöqtəyə fokuslanmaqda çətinlik çəkir. Diqqət dağınıqlığı yaddaşın nizamlı formalaşmasına mane olur, məlumat uzunmüddətli yaddaşa köçürülməkdə çətinlik yaradır. Smartfonların və sosial medianın davamlı istifadəsi düşüncəni səthi edir və diqqəti sabit saxlamağı zəiflədir. Diqqət dağınıqlığı yaşayan insan davamlı olaraq konsentrasiya problemi ilə üzləşir. İnformasiya hər dəfə yeniləndikdə beyində yeni fikirlər yaranır və insan öz iradəsindən asılı olmayaraq məlumatların ardınca gedir. İnformasiyanın çoxluğu və artırılması düşüncə prosesini yorur. Bu yorğunluq insanın reaksiyalarının adekvatlığını azaldır, qərarvermə prosesini ləngidir. Bildirişlər rəqəmsal mühitin həyatımıza daxil etdiyi davamlı siqnallardır və bu siqnallar diqqəti olduğu nöqtədən uzaqlaşdırır. Bir fəaliyyətə köklənmək istəyəndə başqa fəaliyyət fikri yaranır və bütün işlər yarımçıq qalır. İnformasiyanın çoxluğu insanı zəiflədir və onun məhsuldarlığını aşağı salır. Gündəlik, həftəlik və aylıq planlama diqqətin toplanmasına kömək edir. Özünə nəzarəti inkişaf etdirmək lazımdır, çünki bu vərdiş düşüncənin nəzarətdə qalmasını təmin edir. İnformasiyanın təsirini azaltmaq üçün telefonu və rəqəmsal qurğuları müəyyən vaxtlarda istifadədən kənar saxlamaq faydalıdır. Sağlam yuxu, düzgün qidalanma və fiziki aktivlik diqqəti gücləndirir və beynin bərpa olmasına şərait yaradır. Əgər çətinliklər davam edirsə və insan gündəlik fəaliyyətini idarə etməkdə problemlə qarşılaşırsa, mütəxəssis dəstəyinə müraciət etmək doğru seçimdir. Özünü idarə etməyi öyrənən insan həm diqqətini qoruyur, həm də həyatına daha sağlam istiqamət verir”.
Fatimə Hüseynli
