Təhlükə saçan kanalizasiya quyuları
“15 ildir ki, burda yaşayıram. 2 ilə yaxındır bu kanalizasiya quyuları pis vəziyyətdədir.Üstləri taxta ilə örtülüb”.
Mövzu ilə bağlı “İnformator.az”a danışan sakin-Ramil Qurbanov bildirib ki, məcbur qaldığı üçün evlərinin yaxınlığındakı kanalizasiya quyusunu öz vəsaiti hesabına dəmir qapaqla bağlatdırıb:
“Öz uşaqlarım da bu yoldan istifadə edərək məktəbə gedir. Mənim də qapımın ağzı olduğuna görə,aldım,qoydum,düzəltdirdim”.



Söhbət Zabrat 1 qəsəbəsi,Vaqif 12 küçəsindəki taxta parçası ilə örtülən kanalizasiya quyularından gedir.Sakinlərin sözlərinə görə,məhəllədə onlara rast gəlmək artıq adi hal alıb.Təhlükə saçan quyulardan biri məhəllə sakini-Ramil Qurbanov hesabına bağladılsa da,digərlərinin üstündə hələ də taxta parçaları qalmaqdadır.


Küçənin həm dar,həm də işıqsız hissəsində olan quyu hər addımı təhlükəyə çevirir. 7-ci sinif şagirdi Qönçə Məmmədova hər gün bu yoldan istifadə etdiyini deyir:
“Axşam məktəbdən gələrkən,mənim üçün çətin olur.Qaranlıqda buradan keçmək çox təhlükəlidir”.


Məhəllənin 18 illik sakini-Vəfa Rzayevanın sözlərinə görə, dəfələrlə şikayət etsələr də, bununla bağlı heç bir tədbir görülmür:
“Gündə uşaq keçir,böyük keçir.Şərait yoxdur.Quyudan gələn qoxu bütün məhəlləni bürüyür.Xahiş edirik ki,bununla bağlı tədbir görülsün”.
Həm sakinlərin,həm də bizim ağlımızda bir sual yarandı.Problem nə zaman öz həllini tapacaq? Elə bu sualla da, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik.
Qurumdan bildirildi ki,problemin həlli istiqamətində ən qısa zamanda addımlar atılacaq. Vətəndaşları narahat edən məsələ öz həllini tapacaq.
Cəfərova Səkinəbəyim
