Təhsildə dəyişikliklər niyə gec hiss olunur?
Təhsil sahəsində islahatlar və yeniliklər tez-tez elan olunsa da, onların real təsiri cəmiyyətdə dərhal hiss edilmir. Şagirdlər, valideynlər və müəllimlər üçün bu dəyişikliklərin nəticələri bəzən uzun müddət sonra özünü göstərir. Bəs təhsildə dəyişikliklərin gec hiss olunmasının əsas səbəbləri nədir?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, təhsil sahəsində aparılan islahatların tez bir zamanda nəticə verməməsi, əslində bu prosesin təbiətindən qaynaqlanır:
"Əgər hər hansı bir yeniliyi tətbiq ediriksə, onun real və davamlı nəticələrini görmək üçün müəyyən zaman keçməlidir. Bu, xüsusilə təhsil kimi uzunmüddətli və mərhələli bir sahədə daha da vacibdir. Məsələn, əgər yenilik 1-ci sinifdən tətbiq olunursa, biz həmin nəsilin tam təhsil dövrünü yəni 11 ili başa vurmasını gözləməliyik ki, nəticələri obyektiv şəkildə dəyərləndirə bilək. Misal üçün, biz 2008–2009-cu illərdə kurikulum islahatlarına başladıq. O dövrdə 1-ci sinfə qəbul olunan şagirdlər 2019-cu ildə ilk dəfə bu sistemlə imtahan verdilər. Daha sonra həmin nəsil ali təhsil müəssisələrinə daxil oldu və 2023-cü ildə universiteti bitirdilər. Əgər onlardan bəziləri pedaqoji sahəni seçib müəllim fəaliyyətinə başlayıblarsa, onlar təxminən 2027–2028-ci illərdə müəllim kimi tam şəkildə sistemə daxil olmuş olacaqlar. 2008-2009-cu ildə başlanan proses 2028-ci ildə bizə nəticə verəcək. Bu zaman biz əminliklə deyə bilərik: Kurikulum bizə nə verdi? Buna görə də, təhsildə həyata keçirilən dəyişikliklərin, istər müsbət, istərsə də mənfi nəticələrinin dərhal ortaya çıxmasını gözləmək düzgün deyil. Əgər dəyişiklik doğru yöndədirsə, nəticələr zamanla özünü göstərəcək. Digər bir nümunə isə sertifikasiya prosesidir. Artıq bir neçə mərhələsi başa çatıb. Yaxın illərdə biz daha aydın şəkildə görəcəyik ki, sertifikasiyadan keçmiş müəllimlərin peşəkarlığı və təhsil göstəriciləri hansı səviyyədədir və bu proses ümumilikdə təhsilə necə təsir göstərib. Bəs təhsil islahatlarının davamlı olmaması hansı problemlər yaradır?Əslində, Azərbaycanda təhsil islahatları 2014-cü ildən etibarən ardıcıl şəkildə aparılır. Hər il müəyyən dəyişikliklər həyata keçirilir və bu, 2030-cu ilə qədər də mərhələli şəkildə davam edəcək. Hazırda biz islahatların dayanıqlı və ardıcıl şəkildə həyata keçirildiyini müşahidə edirik. Bu isə onu göstərir ki, təhsil sistemində atılan addımlar planlı və stratejidir. Əgər bu ardıcıllıq qorunarsa, yaxın illərdə müsbət nəticələri daha da aydın şəkildə görmək mümkün olacaq".
Gövhər Mehyəddinova
