Təhsildə islahatın sınaq meydanı, yoxsa bərabərsizliyin başlanğıcı?
Son illər təhsil sistemində aparılan yeniliklər çərçivəsində bəzi ümumtəhsil müəssisələri pilot məktəb kimi fəaliyyət göstərir. Bu məktəblərdə yeni tədris modelləri, qiymətləndirmə mexanizmləri və idarəetmə yanaşmaları sınaqdan keçirilir. Lakin pilot məktəblərin tətbiqi onların təhsilin keyfiyyətinə real təsiri və digər məktəblər üçün yaratdığı bərabərlik məsələləri ilə bağlı suallar doğurur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, pilot məktəb anlayışı ilkin verilən qərarları sınaqdan keçirmək məqsədi üçün ayrılan məktəblərdir:
"Bu yaxınlarda 10 məktəbə publik hüquqi şəxs statusu veriblər. Bunlar pilot layihə kimi işlənilib. Öz nizamnamələri səviyyəsində fəaliyyət göstərəcəklər. Buradakı tədrisi və yaxud da müəllimləri heç nə digər müəllimlərdən, məktəblərdən ayırmır. Sadəcə olaraq bir qədər müstəqillik verilir və təcrübədə özlərini doğrulda biləcəklərsə, digər məktəblərə də həmin təcrübə tətbiq oluna bilər. Tədrislə bağlı isə fərqli bir şey yoxdur. Məktəb üçün əlavə gəlir yerləri gətirməyə müstəqildirlər. Pilot digər sahələr üzrə də tətbiq oluna bilər. Məsələn, 1 il əvvəl Bakı şəhəri üzrə bir neçə məktəbdə şagird davranış qaydaları ilə bağlı pilot rejim tətbiqinə başlanıb”.
Banu Məmmədova
