Təhsildə rəqabət
Təhsil sistemi gəncləri rəqabət mühitinə hazırlayır. Bu, həm onların bacarıqlarını inkişaf etdirə bilər, həm də psixoloji təzyiq də yarada bilər. Bu mövzu həm valideynlər, həm müəllimlər, həm də gənclər üçün aktualdır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirib ki, təbii ki, rəqabət inkişafa yönəlməlidir və məqsəd yox, proses olmalıdır:
"Təhsildə rəqabət inkişafa gətirib çıxarır. Amma burada sağlam rəqabət olmalıdır. Bəzən gənclər bu rəqabətə görə psixologiyalarında paxıllıq, başqasını çəkməmək, başqasının məğlubiyyəti üzərində qələbə qazanma kimi hislərə qapıla bilirlər. Bu düzgün deyil. Rəqabəti at yarışı kimi düşünməmək lazımdır. Təbii ki, rəqabət inkişafa yönəlməlidir və məqsəd yox, proses olmalıdır.
Deyək ki, sinifdə şagirdlər imtahana girir. Təbii ki, burada yaxşı nəticə, orta və aşağı nəticə göstərənlər olur. Yüksək nəticə göstərən bunu qürur vəzifəsi etməməlidir və zəif nəticə göstərən isə pesimistliyə qapılmamalıdır. Amma ən azında növbəti imtahana daha yaxşı çalımalıdır.
Valideynlər də bu psixologiyanı aşılamamlıdır, müqayisə etməməlidir. Bu şagirdin psixologiyasında mənfi təsir göstərə bilər.
Uğur məsələsi, uğurlu olmaq, uğurun mükafatlandırılması, uğursuzluğa isə müəyyən qədər tədbir görülməsi anlayışı daha məqsədəuyğun olmalıdır.
Yəni burada rəqabəti ikiyə yerə ayıra bilərik: Müsbət rəqabət və mənfi rəqabət. Müsbət rəqabət inkişafa, mənfi rəqabət isə bir-birini çəkməməyə, paxıllığa və s. gətirib çıxara bilər. Xarakterdə müəyyən mənfi xüsusiyyət yarada bilər.
Təhsil sistemində imtahan ölçmə, qiymətlənmə hər zaman olur. Məsələn, bir çox ölkələrdə şagirdlərin qiymətlərinin ümumi şəkildə açıqlanması qadağan olunur. Rəqabət duyğusu olmasın deyə, individual olaraq hər kəsin nəticəsi özünə göndərilir. Məqsəd şagirdlər arasında rəqabət duyğusunun qarşısını almaqdır. Çünki bu şəxsi nəticədir. Şəxsi məlumatların isə başqasına paylaşılması insan hüququ pozuntusudur. Buna görə rəqabət mühiti formalaşdırarkən sağlam və ədalətli rəqabət mühiti formalaşdırmaq lazımdır."
Samirə Allahverdizadə
