00:00:00
Yazar
Admin User
29.10.2025 19:21 199 3 dəq oxuma
Sosial

Tibbi sığorta üçün ödəniş etməli olacaqlar...

Tibbi sığorta üçün ödəniş etməli olacaqlar...

2026-cı ildən etibarən işsiz və gəliri olmayan şəxslər icbari tibbi sığorta xidmətlərindən yararlanmaq üçün ödəniş etməli olacaqlar. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu şəxslər illik 192 manat və ya aylıq 16 manat məbləğində ödəniş etməklə sığorta xidmətlərindən istifadə edə biləcəklər.

 

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı “İnformator.az”a bildirib ki, bu qərar sadəcə tibbi xidmətlərə çıxışı məhdudlaşdırmır, birbaşa olaraq işsiz və imkansız şəxslərin tibbi xidmət almaq hüququnu qadağan edir:

 

“Bu qərarın nə iqtisadi, nə sosial, nə də məntiqi əsası var. Dövlət işlə təmin etmədiyi vətəndaşları faktiki olaraq “ölümə” tərk edir, onları tibbi xidmətdən məhrum edir. Belə qərar yalnız o halda verilə bilərdi ki, ölkədə işsizlik problemi olmasın. Amma Azərbaycanda işsizlik səviyyəsi dünyada ən yüksək göstəricilərdən biridir- əhalinin təxminən 20–30 faizi iş tapa bilmir, heç bir gəliri yoxdur. Belə vəziyyətdə işsiz insanlardan icbari tibbi sığorta haqqı tələb etmək absurddur. Pulu olmayan adamdan necə sığorta haqqı istənilə bilər? Dövlət ümumi fondlardan gəliri olmayan, əlil və işsiz vətəndaşların heç olmasa əsas tələbatlarını ödəməlidir. Bu, bütün dünyada belədir. Tibbi xidmət almaq insanın konstitusion hüququdur. Ancaq ölkədə hər kəs işlə təmin olunduqdan sonra bunu etmək olar. Lakin bu gün yüz minlərlə insan işləmək istəyir, lakin iş tapa bilmir. Tapdıqları işlər də əsasən mövsümi və ya müvəqqəti xarakter daşıyır, sabit gəlir gətirmir. Belə olan halda, onların icbari tibbi sığorta haqqı ödəməsi mümkün deyil. Bu, birbaşa sosial hüquqlardan məhrumetmə prosesidir. İnsanların ən elementar hüququ- tibbi xidmət almaq hüququ əllərindən alınır. Nəticədə vətəndaş tam müdafiəsiz qalır, xəstələnərsə, sadəcə evində ölməlidir. Bu, biabırçılıqdır və müasir dünyada analoqu yoxdur.
Sovet dövründə səhiyyə tam pulsuz idi və maaşdan da heç bir sığorta haqqı tutulmurdu. İndi isə həm işləyənlərdən sığorta haqqı tutulur, həm də bu vəsait hesabına işləməyənlərə xidmət göstərilməli olduğu halda, əksinə, onlar sistemdən kənarlaşdırılır. Əgər bu xidmət təmin olunmursa, o zaman icbari tibbi sığorta sistemini ümumiyyətlə ləğv etsinlər.
Hazırda səhiyyə sistemində vəziyyət onsuz da olduqca ağırdır. Onsuz da bizdə tibbi xidmət çox bahadır, dərmanlar dünyanın əksər ölkələrindən baha və əlçatmazdır. İcbari tibbi sığorta sistemindən də çox az adam real şəkildə yararlana bilir. İnsanlar illərlə sığorta pulu ödəyirlər, amma xidmətdən istifadə edə bilmirlər. Çünki günlərlə, həftələrlə növbələrdə sürünmək, əlavə xərclərlə üzləşmək məcburiyyətində qalırlar. Bu, normal sistem deyil. Səhiyyə sahəsində idarəetmədə də ciddi çaşqınlıq hökm sürür. Bu gün səhiyyə sistemində üç ayrı dövlət qurumu fəaliyyət göstərir- Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi. Dünyada belə bir model yoxdur. Bir sahədə 3 müxtəlif idarəetmə orqanı necə ola bilər? İnsanlar artıq başa düşə bilmir ki, hansı xəstəxana kimə tabedir, kimə müraciət etməlidir. Səhiyyə sahəsi tam xaotik vəziyyətdədir. Qiymətlər süni şəkildə şişirdilir, sığorta fondu vasitəsilə toplanan vəsaitlər səmərəsiz xərclənir. İnsanlar sığorta ödədiyi halda yenə də özəl klinikalarda xidmət almağa məcbur qalır.
Dünyanın ən sərt kapitalist ölkələrində belə, işsizlərin elementar tibbi xidmətlərə çıxışı var. Bizdə isə işləyən hər kəs tibbi və işsizlik sığortasına pul ödəyir, amma həmin vəsaitlər imkansızların müalicəsinə yönəldilmir. Bu, sosial ədalətin açıq şəkildə pozulmasıdır. Gəliri olmayan adam isə ayda 192 manat icbari tibbi sığorta haqqını haradan ödəyəcək?
Bu addım ölkədə sosial ədalətsizliyin, sosial bərabərsizliyin güclənməsinə səbəb olacaq, işsizləri ağır vəziyyətə salacaq, sosial narazılığı artıracaq. Azərbaycan sosial dövlət hədəfi qoyub, amma son addımlar sosial dövlət prinsipindən uzaqdır”.

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər