00:00:00
Yazar
Admin User
29.12.2025 16:07 82 3 dəq oxuma
Sosial

Tələbə kreditləri artıq peşə təhsilini də əhatə edəcək

Tələbə kreditləri artıq peşə təhsilini də əhatə edəcək

Tələbə təhsil kreditləri sistemində yenilik edilib. Yeni qərara əsasən, kreditlər bundan sonra ali təhsillə yanaşı peşə təhsili üzrə təhsil alanlara da veriləcək. Bu addım peşə təhsilinə marağın artırılması və gənclərin təhsilə çıxış imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

 

Mövzu ilə bağlı Təhsil Tələbə Krediti Fondunun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova “İnformator.az”a açıqlamasında bildirib ki, Son 4 il ərzində texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə 505 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib:

 

“Nazirlər Kabinetinin 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na ilk peşə təhsili səviyyəsinində daxil olunması təklif edilir. Qaydaya əsasən texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə birinci tədris ilinin ilk semestri (yarımili) üçün peşə təhsili pilləsinin texniki peşə təhsili səviyyəsində attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası Fondun Himayəçilik Şurası vasitəsilə müəyyən edilən minimal həddindən (yəni 3) yuxarı olanlar, digər semestrlər üçün isə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına əsasən 4 və 5 olanlara, (ÜOMG-si 71 bal və yuxarı olanlara) təhsil tələbə krediti verilir. Kredit sistemində iki əsas növ mövcuddur: sosial və standart növ təhsil tələbə krediti. Sosial növ təhsil tələbə krediti almaq istəyən tələbələr üçün qayda ilə müəyyən edilmiş sosial meyarlar əsas götürülür. Sosial növ təhsil tələbə krediti sosial cəhətdən həssas əhali qruplarına aid edilən, az təminatlı ailələrdən olan tələbələrə dövlət vasitəsilə göstərilən maliyyə dəstəyidir. Fondun fəaliyyətə başladığı 2021-ci ildən etibarən sosial növ kreditlər üzrə status meyarları mərhələli şəkildə genişləndirilən, əvvəl 6 olan meyarların sayı sonradan 13-ə çatdırılıbdır. Sosial növ təhsil tələbə kreditləri tələbənin və valideynin sosial statusu nəzərə alınmaqla verilir. Sosial kreditlərdən yararlanma şərtləri bütün təhsil pillələri üzrə eyni prinsiplər əsasında tətbiq olunur. Təhsilin pillə və səviyyəsindən asılı olmayaraq, sosial növ kreditə müraciət edən bütün tələbələrin kreditdən yararlanma imkanları bərabərdir”.

 

Mövzu ilə bağlı "Master of Science" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu ,hazırda təhsil tələbə krediti ali təhsil müəssisələrində (bakalavriat, magistratura), kolleclərdə, texniki və yüksəkixtisas təhsil müəssisələrində təhsil alan tələbələrə təqdim olunur:

 

“Lakin bu günə qədər yalnız ilkin peşə təhsili alanlar bu sistemdən kənarda qalıb. Artıq bu mərhələdə təhsil alanlara da kredit veriləcək. İlkin peşə təhsili nədir? 9 illik təhsildən sonra qəbul olunanlar 1 il, 11 illik təhsildən sonra qəbul olunanlar isə 6 ay bu təhsil formasını alırlar. İndiyə qədər ölkədə təhsil sisteminin bütün pillələrində təhsil tələbə krediti mövcud idi, yalnız bu mərhələ istisna idi. İndi isə bu boşluq da aradan qalxır. Bu addım bir neçə baxımdan müsbət nəticələrə səbəb olacaq: Peşə təhsilinə marağın artması; Cəmiyyətdə yalnız ali təhsilin prestijli olması düşüncəsinin yumşaldılması; Bacarığı peşəyə yönələn gənclərin dəstəklənməsi; Maddi imkanları məhdud olan şəxslər üçün təhsilə əlçatanlığın artması; Peşə təhsilinin planlı və şüurlu seçimə çevrilməsi; Peşə təhsili məzunlarının iş tapma imkanlarının artması ilə cəmiyyətdə bu təhsil formasının nüfuzunun yüksəlməsi. Bəli, bu mexanizm təhsil sisteminin keyfiyyətinə də müsbət təsir edə bilər. Kreditlərin təqdim olunması: Peşə təhsil müəssisələrinin daha çox tələbə cəlb etməsinə, tədris proqramlarının yenilənməsinə, maddi-texniki bazanın və müəllim heyətinin gücləndirilməsinə. Kreditin şərtləri necədir? Standart kredit:6% illik faiz dərəcəsi ilə, sosial kredit: 2% illik faiz dərəcəsi ilə. Əgər sosial kateqoriyadan olan tələbənin orta müvəffəqiyyət göstəricisi 91-dən yuxarı olarsa, ödənişin 50%-i bağışlanır. Standart kreditlərdə isə bu göstərici olduqda 25%-i bağışlanır. Tələbə təhsil aldığı müddətdə kredit üzrə heç bir faiz ödəmir. Təhsilini başa vurduqdan sonra 2 il güzəşt müddəti verilir. Bu müddətdə də faiz hesablanmır. Daha sonra isə tələbəyə 10 il müddətində ödənişi qaytarmaq imkanı tanınır. Bu da göstərir ki, bu sistem kommersiya məqsədli deyil, təhsilə əlçatanlığı təmin etməyə yönəlib və digər kreditlərdən fərqli olaraq, tələbələr üçün sosial dəstək xarakteri daşıyır”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər