00:00:00
Yazar
Admin User
21.11.2025 15:35 138 3 dəq oxuma
Sosial

Tələbə və şagirdlərə ictimai nəqliyyatda güzəştlər tətbiq olunacaq?

Tələbə və şagirdlərə ictimai nəqliyyatda güzəştlər tətbiq olunacaq?

 

Şagird və tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi ilə bağlı müzakirələr son günlər gündəmin əsas mövzularından birinə çevrilib. Sosial rifahın artırılması, təhsil alan gənclərin gündəlik xərclərinin yüngülləşdirilməsi və nəqliyyat xidmətlərindən daha əlçatan istifadə imkanlarının genişləndirilməsi kimi məsələlər bu təklifin mərkəzində dayanır.

 

"İnformator.az" olaraq, mövzunun əsas qəhrəmanları - tələbələrin, ekspertlərin və rəsmi qurumların mövqeyini öyrəndik. 

 

İctimai nəqliyyatdan gündəlik istifadə edən tələbə Samirə Allahverdizadə bildirib ki, güzəştlər tətbiq olunarsa, yol xərcləri azalacaq:

 

“Fikrimcə, güzəştləri dövlət maliyyələşdirməlidir. Amma dövlət büdcəsinə yük düşməsin deyə bu proses mərhələli olmalıdır. Güzəştlərdən isə yalnız hüququ olan şəxslərin istifədə etməsi daha yaxşı olar. Ona görə ki, sui-istifadə halları da baş verə bilər.
Belə güzəştlər şagird və tələbələrin dərsə davamiyyətini artırır. Maddi olaraq yol xərcləri azalacaq, bu da tələbə və şagirdlər üçün yaxşı haldır. Həmçinin, dərslərə gecikmə problemi yaşanmayacaq, gənclər sosial fəaliyyətlərinə də vaxt ayıra biləcəklər. Ən vacibi isə yolda əlavə vaxt itkisidə olmayacaq".


Digər tələbə Xədicə Abbasova isə qeyd edib ki, belə bir addım bütün təhsil alanlar üçün sevindirici hal olar:

 

"İctimai nəqliyyatda tələbələrə güzəştlərin olması, bizlər üçün çox vacibdir. Tətbiq olunsa, təhsil alan hər kəs üçün xoş olar. Çünki, bu, maddi yükümüzü azaldar və gündəlik həyatımızı daha rahat edər. Güzəştlər yalnız şəhər daxili deyil, həm də şəhərlərarası da tətbiq edilməlidir, beləliklə, təhsilimizə daha rahat dəstək verilər. Tələbə kartları ilə digər xidmətlərdə də endirimlər olsa, mədəniyyətə, incəsənətə marağımız artar. Bu cür təşəbbüslər həm də gənclərin sosial fəaliyyətlərini artırar və daha fəal vətəndaş olmalarına şərait yaradar".

 

Mövzu ilə bağlı olaraq nəqliyyat eksperti Aslan Əsədov saytımızla fikirlərini bölüşüb: 

 

“Bildiyimiz kimi, ictimai nəqliyyatdan istifadə qaydaları hər ölkənin öz prioritetlərinə əsaslanır. Azərbaycanın da bu sahədə əsas prioriteti vətəndaşın sosial rifahını təmin etməkdir, yəni insanlar yaxşı yaşasın, yeyib-içsin, rahat hərəkət etsin, ictimai nəqliyyatdan təhlükəsiz və rahat istifadə etsin.
Burada vacib məqamlardan biri odur ki, ictimai nəqliyyatda güzəştli kartların tətbiqi ilk növbədə sosial cəhətdən həssas qruplara, məsələn, qazilərə, tələbələrə, pensiyaçılara, yaşlılara və digər aztəminatlı şəxslərə aid olacaq. Digər vətəndaşlar üçün bu cür güzəştlərin tətbiq olunacağı ehtimalı aşağıdır. Çünki bu cür nəqliyyat xidmətlərinin istismarı sosial statusa əsaslanmalıdır. Məsələnin mahiyyəti ondadır ki, bu gün ictimai nəqliyyatın idarə olunması, planlaşdırılması və texnoloji baxımdan inkişaf etdirilməsi birbaşa sosial vəziyyətdən asılıdır və eyni zamanda sosial münasibətləri də tənzimləyir.
Dünyanın müxtəlif ölkələrində bu proses fərqli şəkildə həyata keçirilir. Amma ümumi baxış belədir ki, tələbələrə xüsusi diqqət göstərilməlidir. Çünki tələbələr cəmiyyətin ən aztəminatlı təbəqəsidir və onların sosial statusu nəzərə alınaraq, güzəştlər tətbiq olunmalıdır. Qısacası, tələbələrə və aztəminatlı təbəqəyə yönəlik dəstək ictimai nəqliyyatda əsas məsələ olmalıdır”.

 

Məsələ ilə bağlı Təhsilin İnkişaf Fonduna sorğu ünvanladıq. Cavab olaraq isə:

 

“Şagird və tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi təklif olunur. Belə bir addım gündəlik nəqliyyat xərclərini azaltmaqla onların sosial rifahına müsbət təsir
göstərə və təhsilə davamiyyəti artıraraq gənclərin təhsil, əlavə kurslar və sosial fəaliyyətlərə daha rahat çıxışına şərait yarada bilər.Ən effektiv mexanizmlərdən biri vahid şagird və tələbə kartı vasitəsilə güzəştlərin avtomatik tətbiqidir. Tələbələr üçün artıq Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə TələbəPlus kartı mövcuddur, lakin şagirdlər üçün belə bir sistem hələ yaradılmayıb.
Bu kartların elektron nəqliyyat sisteminə inteqrasiyası və təhsil müəssisələrinin məlumat bazaları ilə sinxronlaşdırılması prosesin şəffaf və operativ idarə olunmasına
imkan verər. Belə bir model həm istifadəçilər üçün rahatlıq təmin edir, həm də nəqliyyat operatorlarının iş yükünü azalda bilər. Maliyyə çətinliklərinin aradan qaldırılması üçün dövlətin  hədəfli subsidiyaların tətbiqi məqsədəuyğun olar. Eyni zamanda, güzəştlərin pilot mərhələ ilə
sınaqdan keçirilməsi, texniki infrastrukturun yenilənməsi və məlumat bazalarının sinxronlaşdırılması prosesin daha səmərəli və idarəolunan şəkildə həyata keçirilməsinə imkan verər".


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər