Toksik pozitivlik: Həmişə xoşbəxt olmağa məcbur olmaq psixikaya necə təsir edir?
Toksik pozitivlik insanın daim xoşbəxt və pozitiv görünmək məcburiyyətində hiss etməsidir. Bu hal zamanla real emosiyaların basdırılmasına, psixoloji gərginliyə və daxili narahatlığa səbəb ola bilər.
Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova "İnformator.az"a açıqlamasında bildirib ki, sosial mediada müqayisəni azaltmaq, Həmişə xoşbəxt obrazlarına aldanmamaq gərəkdir:
"Müasir dövrdə sosial mediada, iş mühitində və gündəlik həyatımızda “mütləq müsbət düşün” mesajları çox yayılıb. Ancaq bu yanaşma bəzən toksik pozitivlik adlanan psixoloji fenomenə çevrilir. Bu, insanın öz real hisslərini boğaraq daim xoşbəxt görünməyə məcbur qalmasıdır. Sağlam pozitiv düşüncə insanın çətinliklər qarşısında ümidini qoruması və həll yollarına yönəlməsidir. Burada hisslər inkar edilmir, qəbul olunur və dəyərləndirilir. Toksik pozitivlik isə neqativ hissləri pis kimi damğalayır və onları ifadə etməyi qadağan edir. Bu, insanın özünə qarşı dürüstlüyünü azaldır, emosiyaların sıxışdırılmasına gətirib çıxarır. Toksik pozitivlik psixi sağlamlıq problemlərinin üzə çıxmasını çətinləşdirir. İnsanlar “mən gülməliyəm, şikayət etməməliyəm” düşüncəsi ilə depressiya, narahatlıq, hətta travmatik hisslərini gizlədə bilərlər. Bu isə diaqnoz və yardım prosesini gecikdirir, simptomları dərinləşdirir. Toksik pozitivliklə mübarizə yolları isə kədər, qəzəb, narahatlıq kimi hissləri normal hiss kimi qəbul etməkdir. Özünə şəfqət göstər, çətin günlərdə özünü məcburən “ xoşbəxt hiss etdirməyə çalışmaq əvəzinə, emosional dəstək vermək lazımdır. Duyğuları paylaşmaq lazımdır. Güvəndiyin insan və ya mütəxəssislə hisslərini bölüşmək gərəkdir. Reallığı qəbul edən pozitivlik, yəni çətinlikləri inkar etmədən ümidli qalmaq lazımdır. Sosial mediada müqayisəni azaltmaq, Həmişə xoşbəxt obrazlarına aldanmamaq gərəkdir. Pozitiv düşüncə sağlamlıq üçün faydalıdır, amma hisslərin inkarı və məcburi xoşbəxtlik psixikaya mənfi təsir edir. Psixoloq kimi insanlara real hissləri qəbul etməyi, onları ifadə etməyi və çətinliklərə baxmayaraq ümidli qalmağı öyrətməliyik".
Səmayə Səftərova
