Toyuq ətindən istifadə zamanı diqqətli olmaq vacibdir
Mütəxəssislər açıq havada saxlanılan, mənşəyi və saxlanma şəraiti məlum olmayan, eləcə də yarımçıq bişirilən toyuq ətinin sağlamlıq üçün ciddi təhlükə yaratdığına diqqət çəkirlər. Bildirilir ki, bu cür məhsullar salmonella və kampilobakter kimi zərərli bakteriyaların daşıyıcısı olur və qida zəhərlənməsinə səbəb ola bilər.
Mövzu ilə bağlı qida mühəndisi, nutrisioloq Fərid Səfərov “İnformator.az”a açıqlamasında bildirib ki, istehlakçı ilk növbədə məhsulun harada satıldığına diqqət etməlidir:
“Toyuq əti tez xarab olan və mikrobioloji riskləri yüksək olan məhsuldur. Ona görə də həm alış zamanı, həm də ev şəraitində düzgün davranış sağlamlıq üçün çox vacibdir.
İstehlakçı ilk növbədə məhsulun harada satıldığına diqqət etməlidir. Toyuq əti yalnız rəsmi, nəzarət olunan satış nöqtələrində və soyuducu vitrinlərdə saxlanılmalıdır. Ətin üzərində istehsal və son istifadə tarixi, istehsalçı məlumatları aydın görünməlidir. Rəngi bozarmış, yapışqan səthli, xoşagəlməz qoxulu və ya üzərində artıq maye olan toyuq əti risklidir. Açıq havada, günəş altında və ya soyuducusuz satılan məhsullardan uzaq durmaq lazımdır”.
Həmçinin o, düzgün bişirilmə qaydalarını izah edib:
“Toyuq əti alındıqdan sonra mümkün qədər tez soyuducuya yerləşdirilməlidir. +2…+4°C temperaturda çiy halda 24–48 saatdan artıq saxlanmamalıdır, daha uzun müddət üçün dondurulmalıdır. Çiy toyuq əti digər qidalardan ayrı saxlanmalı, kəsildiyi taxta və bıçaqlar dərhal yuyulmalıdır. Bişirmə zamanı ətin tam bişməsi əsas şərtdir – iç hissəsi çəhrayı qalmamalı, şirəsi şəffaf olmalıdır. Yarımçıq bişmiş toyuq əti ciddi zəhərlənmə riski yaradır.
İstehlakçılar şübhəli və ya təhlükəli toyuq əti ilə qarşılaşdıqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edə bilərlər. Bunun üçün “1003” Çağrı Mərkəzi və ya agentliyin rəsmi platformaları vasitəsilə şikayət vermək mümkündür. Vaxtında edilən müraciət həm şəxsi sağlamlığın, həm də digər istehlakçıların təhlükəsizliyinin qorunmasına kömək edir.
Diqqətli seçim, düzgün saxlanma və tam bişirmə toyuq ətindən yaranan risklərin qarşısını almağın ən etibarlı yoludur”.
Aydan Əsgərxanlı
