Təqaüdlər artırılıb
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüd artırılıb.
Mövzu ilə əlaqədar təhsil eksperti Kamran Əsədov "İnformator.az"a bildirib ki, təqaüdlərin artırılması ilk baxışda sosial dəstək kimi görünsə də, əslində təhsil sisteminin dayanıqlığına və tələbələrin həyat keyfiyyətinə təsir edən ciddi struktur dəyişikliyidir:
"Təqaüdlərin artırılması ilk baxışda sosial dəstək kimi görünsə də, əslində təhsil sisteminin dayanıqlığına və tələbələrin həyat keyfiyyətinə təsir edən ciddi struktur dəyişikliyidir. Azərbaycan reallığında uzun illər tələbə və doktorant təqaüdləri inflyasiya tempindən geri qalan, yaşayış minimumu ilə müqayisədə həmişə aşağı həddə dayanıb. Dövlət Statistika Komitəsinin 2025-ci il göstəricilərinə görə, ölkədə yaşayış minimumu 285 manat, əmək qabiliyyətli əhali üçün isə 305 manat müəyyən olunub. Halbuki bakalavr tələbələrinin aşağı səviyyəsi üçün təqaüd 110 manat, orta səviyyə üçün 160 manat, yüksək nəticə göstərənlər üçün isə 200 manatdır. Bu rəqəmlər yaşayış minimumunun yarısından belə azdır. Doktorantlar üçün isə məbləğ 300–450 manat aralığında müəyyən olunub ki, bu da minimum əməkhaqqı (400 manat) ilə müqayisədə ya aşağı, ya da cüzi üstünlük təşkil edir. Bu göstəricilər aydın şəkildə ortaya qoyur ki, təqaüd yalnız simvolik dəstək rolunu oynayır, sosial təminat funksiyasını isə yerinə yetirmir".
"Müsbət tərəf ondan ibarətdir ki, artım müəyyən qədər tələbələrin gündəlik xərclərini qarşılamağa kömək edir və xüsusən də nəticəyönlü pillələnmə – yəni yüksək bal toplayan tələbələrin daha çox təqaüd alması – motivasiya mexanizmini gücləndirir. Bu, tələbələrin oxumağa yönəldilməsində əhəmiyyətli rol oynaya bilər. Doktorantura səviyyəsində artım isə gənc tədqiqatçıların elmi araşdırmalara fokuslanmasına stimul yaradır. Ancaq mənfi tərəfi ondan ibarətdir ki, bu artım müstəqil yaşam şərtləri ilə üz-üzə qalan tələbənin kirayə, qida və nəqliyyat kimi əsas ehtiyaclarını qarşılamaqdan uzaqdır. Hesablamalara görə, Bakıda bir tələbənin aylıq minimum xərci 500–600 manat arasında dəyişir. Bu halda 110–200 manat arası təqaüd yalnız kiçik bir hissəni qarşılayır. Bu, tələbələrin təhsil yanında əlavə işlərə yönəlməsinə səbəb olur ki, nəticədə akademik nailiyyətlərdə keyfiyyətli artım gözləmək çətinləşir".
"Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə təqaüd siyasəti sadəcə aylıq məbləğin ödənilməsi ilə bitmir. Məsələn, Finlandiyada tələbələrə aylıq təqaüdün yanında dövlət tərəfindən kirayə subsidiyası və güzəştli kredit imkanı verilir, nəticədə tələbə real yaşam xərclərini qarşılaya bilir. Estoniyada ehtiyac yönümlü təqaüdlər tətbiq olunur, yəni aztəminatlı ailələrdən gələn tələbələr daha yüksək dəstək alırlar. Türkiyədə isə 2025-ci ildən lisans tələbələri üçün aylıq 3000 lirə, magistr üçün 6000 lirə, doktorant üçün 9000 lirə burs müəyyən olunub və bu vəsaitlər yataqxana və yemək xidmətləri ilə tamamlanır. Azərbaycanla müqayisədə bu ölkələrdə təqaüdün məqsədi yalnız simvolik dəstək yox, tələbənin təhsildə davamlılığını və sosial bərabərliyini təmin etməkdir".
Ekspertin sözlərinə görə, nəticə etibarilə baş verən dəyişikliklər tələbələrin aylıq gəlirini artırır və müsbət siqnal yaradır, amma təqaüdlərin real təsiri hələ də məhduddur:
"Dəyişməli olan əsas məqamlar isə bunlardır: təqaüdlər yaşayış minimumu və illik inflyasiya ilə avtomatik indeksasiyaya bağlanmalı, ehtiyac yönümlü bölgü sistemi yaradılmalı, doktorantlar üçün əlavə olaraq tədqiqat qrantları, elmi ezamiyyə və avadanlıq xərclərini qarşılaya biləcək dəstək mexanizmləri formalaşdırılmalıdır. Bundan əlavə, Elm və Təhsil Nazirliyi hər il “Təqaüd Siyasəti Hesabatı” dərc etməli, orada növbəti illərin proqnozlarını, hədəfləri və təhlilləri ictimaiyyətə açıqlamalıdır. Əks halda, bu gün edilən artımlar bir müddət sonra inflyasiya qarşısında öz təsirini itirəcək və tələbələrin sosial problemlərini həll etməkdə gücsüz qalacaq".
"Bu gün tələbələrə verilən təqaüd artımı təhsilə göstərilən qayğının ifadəsi kimi təqdim olunur, amma əslində sistemli yanaşmanın yoxluğunu daha aydın göstərir. Dövlət yalnız rəqəmləri artırır, lakin geniş dəstəkləyici planlar, sosial paketlər, uzunmüddətli proqnozlar yoxdur. Nazirliyin vəzifəsi bu boşluğu doldurmaqdır, amma hələlik orada ciddi tədqiqat, təhlil və marifləndirmə işi aparılmır. Təqaüd artımı müsbət addımdır, amma ardınca ciddi struktur islahatları gəlməsə, onun təsiri müvəqqəti olacaq".
Aydan Məmmədova
