Tramp 2026-cı ildə Rusiyaya səfər edə biləcəyini deyib
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni açıqlamalar verib. O bildirib ki, özü ilə Rusiya Prezidenti Vladimir Putin arasında Rusiyanın Donbas bölgəsini tam nəzarətə götürməsi ilə bağlı heç bir razılaşma olmayıb.
Tramp yayılan bəzi iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb. ABŞ lideri həmçinin 2026-cı il ərzində Rusiyaya səfər edə biləcəyini də istisna etməyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Tramp özündən əvvəlki siyasətçilərə qətiyyən bənzəmir:
"Onun nə vaxt hansı addımı atacağını proqnozlaşdırmaq çətindir. İlin sonunadək Rusiyaya səfər edəcəyini deməsi indi Qərbdə ciddi narahatlıq yaradıb. Qorxu var ki, Tramp Putinin sülh üçün tələblərini qəbul edəcək və sanksiyaları yumşaltmaqla Rusiyaya yeni nəfəs verəcək. Çünki Tramp Rusiya-Ukrayna müharibəsini bitirmək üçün bütün səylərini ortaya qoya bilər. Səfər reallaşacağı təqdirdə Ukraynada münaqişənin dondurulması ssenarisi rəsmiləşə, Avropa müttəfiqləri ABŞ-nin birtərəfli diplomatiyası qarşısında strateji tənhalığa sürüklənə bilər. Ümumiyyətlə, bu gediş Trampın ABŞ xarici siyasətini kökündən dəyişmək və qlobal gərginliyi öz şərtləri ilə idarə etmək planının tərkib hissəsidir. Nəzərə almaq lazımdır ki, Tramp İranla müharibəni istədiyi kimi yekunlaşdıra bilmədi. Ardından baş tutan danışıqlar mərhələsi də Tramp ücün uğurlu keçmir. Digər tərəfdən ABŞ daxilində prezidentə təzyiqlər artıb. İndi o, təzyiqləri azaltmaq üçün təcili uğur qazanmalıdır. Çin və Rusiya ilə danışıqlar bu baxımdan əhəmiyyətlidir".
Aişə Mustafayeva