Tramp ABŞ-də aralıq seçkiləri müşahidə etmək üçün ATƏT-i dəvət etməyib
ABŞ Prezidenti Donald Trampın ölkədə keçiriləcək aralıq seçkilərini müşahidə etmək üçün ATƏT-i dəvət etməməsi təşkilatın beynəlxalq fəaliyyəti və seçki müşahidəçiliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, ATƏT-in fəaliyyəti və seçkilərlə bağlı hesabatları onun obyektivliyinə dair suallar yaradır:
“ATƏT-in obyektivliyi ilə bağlı ciddi problemlər var. Təşkilat Azərbaycanda keçirilən seçkilərlə bağlı dəfələrlə qərəzli mövqe nümayiş etdirib. Onun hesabatlarının bəziləri heç normal hesabat təsiri bağışlamır. Eyni yanaşmanı başqa ölkələrlə bağlı məsələlərdə də görmək mümkündür”,deyə politoloq qeyd edib. ATƏT-in fəaliyyətindəki problemlər təkcə seçkilərlə məhdudlaşmır. ATƏT-in Minsk qrupu 30 il ərzində Azərbaycanla Ermənistan arasında sülh yaratmağa çalışdığını bəyan edirdi. Ancaq bu müddətdə real nəticə əldə olunmadı. Müxtəlif səfərlər, görüşlər keçirilsə də, münaqişənin həlli istiqamətində ciddi irəliləyiş baş vermədi. Azərbaycan torpaqlarını öz gücü hesabına azad etdi. Beynəlxalq təşkilatların nüfuzu onların bəyanatları ilə deyil, konkret nəticələri və hadisələrə münasibətdə nümayiş etdirdikləri mövqe ilə ölçülməlidir. ATƏT-in seçki müşahidəçiliyi və beynəlxalq münaqişələrin həlli istiqamətindəki fəaliyyəti təşkilatın rolunun yenidən qiymətləndirilməsini zəruri edən məsələlərdəndir”.
Güllüzar Nəbili