Tramp: ABŞ İrana yenidən güclü zərbələr endirəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran yenidən Vaşinqtonun təhlükəsizliyinə və ya maraqlarına təhdid yaradacağı təqdirdə, ABŞ ona qarşı daha güclü hərbi zərbələr endirməkdən çəkinməyəcək. Trampın bu açıqlaması Yaxın Şərqdə gərginliyin yenidən artacağı ilə bağlı narahatlıqları gücləndirib. Ekspertlər hesab edirlər ki, belə bəyanatlar regiondakı təhlükəsizlik vəziyyətinə, ABŞ-İran münasibətlərinə və beynəlxalq diplomatik proseslərə təsirsiz ötüşməyəcək.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt açıqlamaları vaxtaşırı səsləndirilir və bu, yeni hal deyil.
Onun sözlərinə görə, fevralın 20-dən sonra tərəflər arasında hərbi qarşıdurma müşahidə olunsa da, eyni zamanda atəşkəsin əldə olunması və danışıqlar prosesinin davam etdirilməsi istiqamətində də addımlar atılıb:
“Fevralın 20-dən sonra həm döyüşlərin aktiv fazasını gördük, həm də atəşkəs rejiminin razılaşdırıldığı və danışıqlar prosesinin davam etdiyinin şahidi olduq. Aprelin ortalarından etibarən atəşkəs rejimi əldə edildi və danışıqlar prosesinə start verildi. İyunun 21-də isə tərəflər müəyyən razılaşma imzaladılar. Lakin təəssüf ki, bu razılaşma gözlənildiyi kimi tam yerinə yetirilmədi və tərəflər üzərlərinə götürdükləri öhdəliklərə əməl etmədilər. İran tərəfi Hörmüz boğazı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri faktiki olaraq pozdu və bununla da Donald Trampa İrana zərbələr endirmək üçün müəyyən əsaslar verib. Artıq üç həftədir ki, tərəflər fasilələrlə bir-birinin mövqelərinə zərbələr endirirlər. ABŞ Mərkəzi Komandanlığı da İran ərazisindəki SEPAH mövqelərini hədəfə alır”.
Oqtay Qasımov hesab edir ki, Donald Trampın son bəyanatları ABŞ siyasətində ciddi dəyişikliklərin baş verdiyini göstərmir:
“Bu, sadəcə olaraq Donald Trampın əvvəldən irəli sürdüyü ssenari üzrə davam edən prosesdir. Mən düşünmürəm ki, genişmiqyaslı hərbi əməliyyatlar baş versin. Bu, daha çox idarə olunan gərginlik kimi xarakterizə oluna bilər. Müəyyən məhdud çərçivədə hədəflərə zərbələr endirilir və sonra proses dayanır. Hazırda diplomatiya ilə bağlı da müəyyən ümidlər var. Donald Tramp bununla bağlı da açıqlamalar verib. Hesab edirəm ki, idarə olunan bu gərginlik bir müddət davam edəcək. Şübhəsiz ki, gərginlik artacağı təqdirdə bu, regionun bütün ölkələrini əhatə edə bilər. İran ABŞ-nin zərbələrinə cavab olaraq region ölkələrini hədəfə alarsa, həmin dövlətlərin təhlükəsizliyi ilə bağlı yeni problemlər ortaya çıxacaq. Bu baxımdan, həm bu ritorika, həm də hərbi əməliyyatlar bölgədə eskalasiya riskini artırır və gərginliyi davam etdirir. Tərəflərin danışıqlar masasında mövqeləri hələ də bir-birinə diametral ziddir. Bu səbəbdən gərginliyin davam edəcəyini düşünürük. Tərəflərdən ən azı birinin güzəştə getməsi və hər iki tərəfi qane edəcək razılaşmanın əldə olunması vacibdir. Belə bir razılaşma əldə olunmayana qədər mövcud gərginliyin davam edəcəyi qənaətindəyəm”, - politoloq fikrini yekunlaşdırıb.
Fatimə Hüseynli