Tramp: ABŞ İranın hər hücumuna qarşı 20 hücumla cavab verməyə hazırdır
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ İranın hər hücumuna 20 zərbə ilə cavab verməyə hazırdır.
Tramp bu barədə Türkiyədə keçirilən NATO sammitindən sonra təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Donald Trampın NATO zirvəsində İranla bağlı verdiyi bəyanat kifayət qədər ciddi bəyanat idi və görünən odur ki, Amerika Birləşmiş Ştatları aprel ayından bəri davam edən atəşkəs dövründə İranla aparılan danışıqlarda ciddi irəliləyiş əldə edilmədiyinin fərqindədir:
"ABŞ hesab edir ki, bu danışıqlar süni şəkildə uzadılır.!Xüsusilə də son əldə olunmuş razılaşmaya əsasən İran Hörmüz boğazı ilə bağlı öhdəliklərini yerinə yetirməli, bu boğazdan təhlükəsiz və maneəsiz keçidi təmin etməli idi. Lakin İran bu öhdəlikləri tam şəkildə yerinə yetirməyib. Öz ərazisindən keçən gəmilərdən rüsum almaqla yanaşı, Oman sahillərindən keçən gəmilərə də müdaxilə edir, onları saxlayır və onlardan ödəniş tələb edir. Bu isə kifayət qədər ciddi problem yaradır.
Məhz bunun fonunda Donald Tramp İranın gəmilərə hücumlarını qəbuledilməz adlandıraraq sərt etirazını bildirib. O, ABŞ-ın 200-dən artıq hədəfə zərbə endirmək imkanına malik olduğunu vurğulayıb və İrana daha sarsıdıcı zərbələrin endirilə biləcəyini deyib.
Hesab etmirəm ki, bu eskalasiya davamlı və irimiqyaslı müharibəyə çevriləcək. Hazırkı gərginlik daha çox idarəolunan gərginlik kimi qiymətləndirilə bilər. Donald Tramp sadəcə İranı daha praqmatik davranmağa və danışıqlarda daha konstruktiv mövqe tutmağa vadar etmək istəyir.
Nəzərə alsaq ki, ABŞ son üç ay ərzində kifayət qədər uğurlu nəticələr əldə edib və NATO zirvəsində də alyansın dəstəyini qazanıb, üstəlik NATO-nun yekun sənədində Hörmüz boğazı və İranla bağlı xüsusi müddəa da yer alıb, bu, kifayət qədər ciddi məqamdır. Bundan sonra Hörmüz boğazında yaranmış vəziyyətlə əlaqədar ABŞ-lə yanaşı, NATO üzvü dövlətlərin hərbi gəmilərinin də bölgədə fəaliyyət göstərə biləcəyini proqnozlaşdırmaq olar.
Bu proseslər İranın bölgədəki aqressiv siyasətinin müəyyən qədər cilovlanmasına, destruktiv fəaliyyətinin qarşısının alınmasına və regiondakı təsir imkanlarının zəiflədilməsinə yönəlib. NATO-nun son toplantısı da göstərdi ki, alyans regionda mövqeyini gücləndirmək niyyətindədir. Bu isə İranın mövqelərinin zəifləməsi deməkdir.
Nəzərə alsaq ki, xüsusilə Körfəz ölkələri İranın aqressiv siyasətindən ciddi narahatdırlar, onun cilovlanması həmin ölkələrin də maraqlarına uyğundur. Bu baxımdan zaman-zaman belə zərbələrin şahidi olacağıq. Lakin bütün hallarda hesab etmirəm ki, yaxın vaxtlarda genişmiqyaslı müharibə baş verəcək. Son günlər müşahidə etdiyimiz kimi, müxtəlif vaxtlarda və müxtəlif ərazilərdə ayrı-ayrı hədəflərə zərbələr endiriləcək".
Səadət Əlizadə