Tramp: ABŞ-nin İran üzərində qələbəsi neftin qiymətini aşağı salacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar İranla müharibədə qalib gələcək və bundan sonra dünya bazarında neftin qiyməti əhəmiyyətli dərəcədə aşağı düşəcək.
Trampın sözlərinə görə, ABŞ artıq hərbi baxımdan qalib gəlib, lakin yenədə mübarizəni davam etdirəcək.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, ABŞ-nin qələbəsi İran neftinin dünya bazarına çıxmasına şərait yarada bilər:
“Amerika qələbə çalsa, gündə ən azı 1,5 və ya 2 milyon ton neftin dünya bazarına çıxacağı deməkdir. Yəni İran neftinin dünya bazarına çıxması baş verəcək. Nəticə etibarilə bu, neftin qiymətinin enməsinə gətirib çıxarmalıdır. Tutaq ki, İran bu problemi saxlamağa davam edəcəksə, onun zərəri ABŞ-dan çox Yaponiyaya, Çinə, Hindistana dəyir. Belə olanda İran üzərində təkcə Amerika basqısı olmur, həmin ölkələrin də böyük təzyiqi yaranır”.
Politoloq qeyd edib ki, qlobal iqtisadi və siyasi proseslər sürətlə dəyişir və dəyişkən təsirlərin yaranma ehtimalı əvvəlki illərlə müqayisədə daha yüksəkdir:
“Azərbaycan iqtisadiyyatı üçün büdcədə 80 dollar götürülüb. Lakin düşmə ehtimalı var, hər halda dünyada sürətlə dəyişir. Elə zənn edirəm ki, 65 maksimum aşağı həddi görə bilər. Qalan məsələdə 80, 70 komfort zona kimi düşünmək olar, belə formada da davam edəcək. Faktorlarda vurğuladığım kimi, dəyişkən qlobal təsirlərin baş vermə ehtimalı əvvəlki illərdən daha yüksəkdir”.
Əziz Əlibəyli əlavə edib ki, ABŞ də neft qiymətlərinin kəskin ucuzlaşmasında maraqlı deyil. Onun sözlərinə görə, 70-80 dollar aralığındakı qiymətlər ABŞ bazarı üçün də məqbul hesab olunur:
“Qiymətin kəskin düşməsi Amerikanın şist nefti üçün unikal məsələlərdir. ABŞ-nin özü əslində çox maraqlıdır ki, neftin qiyməti aşağı düşməsin, yəni 55-ə düşməsin. Həmçinin şistə də təsir göstərildi. Aşağı düşmə tendensiyaları 70, 75, 80 civarı ABŞ-nin bazarı üçün də uyğundur. Düşünürəm ki, elə bu həddə də saxlanacaq. Belə saxlama, özlərinin də can atması bizim neftin də qiymətinin dediyim civarda qalmasına hardasa təsir göstərəcək”.
Ayşə Cəfərova