Tramp ABŞ-nin İranla münaqişəni yenidən başlada biləcəyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi ritorikanı yenidən sərtləşdirib. O, zəruri hesab ediləcəyi təqdirdə ABŞ-nin İranla münaqişəni yenidən genişləndirə biləcəyini bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, burada həm təzyiq elementi, həm də real dəyərləndirmə var:
“Tramp son iki gündə verdiyi açıqlamalarda İrana əlavə bir mükəlləfiyyət də yükləyib. Tramp açıqlayıb ki, İran rejimi, yəni molla rejimi 50 il ərzində öldürdüyü insanlara görə təzminat ödəməlidir. İkincisi, elə bu gecə Tramp başqa bir açıqlama verib ki, İran rejimi Yəməndə, Suriyada və digər ölkələrdə, o cümlədən Livanda öldürdüyü və ya münaqişələr nəticəsində həyatını itirmiş insanlara görə də təzminat ödəməlidir. Yəni, faktiki olaraq Tramp İranla bağlı son nöqtəni qoymuş kimi görünmür. İran hətta müəyyən məsələlərdə razılaşsa belə, Tramp yeni bir tələb ortaya atacaq və İranı küncə sıxışdıracaq. O baxımdan düşünürəm ki, yeni hücumlar, yenidən münaqişənin alovlanması ilə bağlı deyilənlər sadəcə söz deyil. Bunların arxasınca, yəqin ki, əməl də gələcək. ABŞ-nin ilk andan elan etdiyi əsas tələb İranın nüvə silahı hazırlamaqdan imtina etməsi idi. Faktiki olaraq, İran artıq bundan imtina etmək üzrədir. Proseslər dayandırılıb və nəticə etibarilə İran məcburiyyət qarşısında həmin prosesdən kənara çəkilib. İkinci tələb isə mənə elə gəlir ki, Amerika Birləşmiş Ştatları bunu açıq şəkildə dilə gətirməsə də, İranda molla rejiminin sonunun gəlməsidir. Yəni İranın bundan sonra dünyəvi dövlət kimi davam etməsi də tələblər arasındadır”.
Siyasi şərhçinin sözlərinə görə, sadəcə, bunu ictimaiyyətə o qədər də açıqlamırlar:
“Görünür, bağlı qapılar arxasında bununla bağlı müzakirələr gedir. Elə Xameneinin oğlu Müctəba Xameneinin də ortalıqda görünməməsinin bununla bağlı olduğunu düşünürəm. Atasını öldürüblər, bəlkə də özünü də öldürüblər. Sadəcə, keçid dövrü üçün real şəxs ortaya qoymayıblar. Ali dini rəhbərliyi həyatda olmayan, yaxud varsa belə, ortalıqda görünməyən Müctəba Xameneiyə veriblər ki, bu, bir keçid mərhələsi olsun. Ondan sonra İran molla rejimindən, dini rejimdən imtina edib dünyəvi dövlətə çevrilsin. Bu, bir variantdır. İkinci variant isə İranın parçalanması və onun yerində yeddi yeni dövlətin qurulmasıdır. Burada, təbii ki, bizim marağımız Güney Azərbaycan türklərinin quracağı bir dövlətdir. Razılaşmanın, nəticə etibarilə, əlbəttə, olacağına inanıram. Bunun başqa yolu yoxdur. Amma bu razılaşmalar İranın təpəsinə yumruqla döyülə-döyülə əldə ediləcək. Bilirsiniz ki, İran gücdən anlayır, sözdən anlamır. Amerika Birləşmiş Ştatları da məhz buna görə İrana hücum edir. Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları bir qədər mövqeyini yumşaltsa, yəni hərbi gücdən və güc tətbiqindən imtina etsə, İran yenə də məsələni uzatmağa başlayacaq. Ona görə də, düşünürəm ki, hələ qarşıda bizi qanlı, silahlı və alovlu mərhələlər gözləyir”.
Selcan Xudiyeva