00:00:00
Yazar
Zəhra Həsənova
04.08.2026 21:10 24 2 dəq oxuma
Siyasət

“Tramp həm İranla danışmaq, həm də ona zərbə endirmək istəyir” - Əli Mustafa

“Tramp həm İranla danışmaq, həm də ona zərbə endirmək istəyir” - Əli Mustafa

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılığa gəlməyənədək dəniz blokadasının davam edəcəyini bildirib və Tehranın ya saziş imzalamalı, ya da təslim olmalı olduğunu bəyan edib. Tramp, həmçinin İran rəhbərliyini ikili siyasət yürütməkdə ittiham edərək, Tehranın pərdəarxası danışıqlara maraq göstərdiyini, eyni zamanda bunu ictimaiyyət qarşısında inkar etdiyini iddia edib.

 

Mövzu ilə bağlı  siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranla bağlı “ya saziş bağlamalı, ya da təslim olmalıdır” bəyanatı əslində Vaşinqtonun Tehranla danışıqlarda maraqlı olduğunu göstərir:

 

“Trampın açıqlamalarından görünür ki, o, İranın ABŞ ilə danışıqlara gəlməsini istəyir. Tramp iddia edir ki, İran gizli şəkildə ABŞ ilə təmas saxlayır, amma bunu ictimaiyyət qarşısında inkar edir. Əgər doğrudan da gizli danışıqlar aparılırsa, bu halda Trampın eyni zamanda ‘ya danışın, ya da bombalayacağıq’ mesajı verməsi müəyyən ziddiyyət yaradır. Bu isə onu göstərir ki, İran hələlik açıq şəkildə ABŞ ilə danışıqlara getmək istəmir.
Mənim bildiyim qədərilə, İranla ABŞ arasında birbaşa təmaslar mümkün deyil. Lakin Oman vasitəsilə dolayı danışıqların aparılması mümkündür və tərəflər arasında müəyyən təmaslar da davam edir. Tramp istəyir ki, İran danışıqlara gəlsin. Bununla yanaşı, imkan yaranacağı təqdirdə İrana zərbə endirmək variantını da gündəmdə saxlayır. Görünən odur ki, hərbi təhdid və diplomatik təzyiq paralel şəkildə davam etdirilir”.

 

Siyasi şərhçi bildirib ki, mümkün hərbi qarşıdurma baş verərsə, bunun ABŞ üçün də ciddi nəticələri ola bilər:

 

“Əgər atəşkəs pozular və müharibə yenidən başlasa, İran ABŞ-nin bölgədəki hərbi bazalarını və maraqlarını raket zərbələri ilə hədəfə ala bilər. Bu, Yaxın Şərqdə qüvvələr balansına ciddi təsir göstərə bilər. Əgər ABŞ İranı tam sıradan çıxara bilməsə, onun bölgədəki mövqeləri də ciddi zərər görə bilər. ABŞ-nin hərbi strategiyasında bununla bağlı müxtəlif yanaşmalar var. Təkcə hava hücumları ilə məqsədə nail olunacağı inandırıcı görünmür. Bu səbəbdən Vaşinqtonun digər vasitələrdən və alternativ ssenarilərdən istifadə imkanları da müzakirə olunur. Bu istiqamətdə ekspertlərin ABŞ administrasiyasına müxtəlif təkliflər verdiyi də məlumdur”.

Fatimə Hüseynli

#azərbaycan #zərbə #ona #əli #mustafa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər