Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının beynəlxalq sularında bütün minaların çıxarıldığını və ya partladıldığını bildirib.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran arasında atəşkəs əldə olunub və ABŞ Hörmüz boğazında minaların təmizlənməsi ilə məşğuldur:
“Təbii ki, İran da Hörmüz boğazı ilə bağlı iddialarından geri çəkilməyib. Yəni proses müəyyən mənada İranın maraqlarına doğru inkişaf edir və növbəti müharibənin baş verməsi ehtimalı istisna olunmur. ABŞ İrana qarşı ağır sanksiyalar tətbiq edir. Bu proses Tehranda çox ciddi və mənfi qarşılanıb. Çünki ABŞ-nin Hörmüz boğazında apardığı hər hansı fəaliyyətin Tehranın növbəti mərhələdə buna hərbi zərbə ilə cavab verməsi ehtimalını istisna etmək olmaz”.
Politoloq həmçinin bunu da qeyd edib ki, ABŞ və İran arasında atəşkəs əldə olunsa da, hazırda proses iqtisadi müharibə mərhələsinə keçib:
“ABŞ-nin hazırda Hörmüz boğazında minaları təmizləməsi, bir növ, İrana və bütün dünyaya burada əsas söz sahibinin ABŞ olduğunu göstərən mesajdır. İranın buna nə qədər dözümlü yanaşacağını isə yaxın perspektivdə görəcəyik. Ümumiyyətlə, növbəti mərhələdə ABŞ və İran arasında yenidən müharibənin başlaması mümkündür. Amma yaxın perspektivdə bunun baş verəcəyini gözləmək çətindir. Buna görə də tərəflərin daha genişmiqyaslı hərbi əməliyyatlardan bir qədər çəkindiyi müşahidə olunur”.
Güllər Gülhüseynova