Tramp Hörmüzün adını “dəyişdirib”
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını dəyişdirərək onu "Tramp boğazı" adlandırıb.
Dövlət başçısı bu barədə özünə məxsus olan "Truth Social" platformasında paylaşım edib.
O, paylaşımına su hövzəsinin üzərində "Strait of Trump" yazısı olan şəklini əlavə edib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın bu tip açıqlamaları daha çox qeyri-ciddi və reallıqdan uzaq bəyanatlar kimi qiymətləndirilir:
“Düşünürəm ki, Trampın özünəməxsus sosial şəbəkədə bu şəkildə yazı yazması çox da ciddiyə alınacaq bir məsələ deyil. Bu, sadəcə ABŞ rəhbərinin növbəti qeyri-real və qeyri-səmimi davranışlarından biridir. Biz dəfələrlə onun qeyri-ciddi açıqlamalarının və qərarlarının şahidi olmuşuq.
Trampın oradan “Tramp körfəzi” kimi bəhs etməsindən asılı olmayaraq, bu su hövzəsinin adı Hörmüz boğazıdır. Dünya buranı belə tanıyıb və bu şəkildə də tanımağa davam edəcək. Digər bir məsələ isə budur ki, ABŞ-nin Hörmüzlə birbaşa və ya dolaylı coğrafi əlaqəsi yoxdur. ABŞ körfəzyanı ölkə deyil ki, Hörmüz boğazı üzərində hansısa haqq iddia etsin. Bəli, dünyanın digər ölkələri kimi ABŞ gəmiləri də oradan keçə bilər və Amerika bir super güc olaraq bölgədə vəziyyətin sabitləşməsi üçün müəyyən səylər göstərə bilər. Ancaq bu, heç də o demək deyil ki, ABŞ-nin bu yöndə verəcəyi qərarlar reallığı əks etdirəcək. Bundan əvvəl də Trampın İranla bağlı qeyri-ciddi açıqlamasının şahidi olmuşuq. O, guya İranda yeni Ali dini lider olmağın ona təklif edildiyini, lakin bu təklifdən imtina etdiyini bildirib. ABŞ prezidenti tez-tez bu şəkildə açıqlamalar verir və qərarlar qəbul edir. Hesab edirəm ki, bunları çox da ciddi qəbul etmək lazım deyil”.
Lalə Qurbanlı