00:00:00
Yazar
Zəhra Həsənova
28.07.2026 22:00 20 3 dəq oxuma
Siyasət

“Tramp İran bataqlığına girmək istəmir” - ŞƏRH

“Tramp İran bataqlığına girmək istəmir” - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla sülh sazişi imzalamaq imkanının olduğunu bildirib. O, jurnalistlərə açıqlamasında İranın danışıqlarda maraqlı olduğunu qeyd edərək, tərəflər arasında razılığın əldə oluna biləcəyini istisna etməyib. Tramp eyni zamanda ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatlarının yüksək maliyyə yükü yaradacağını vurğulayıb.

Mövzu ilə bağlı siyasi şərhçi Hasan Oktay hesab edir ki, ABŞ Prezidenti Donald Trampın son açıqlamaları Vaşinqtonun Yaxın Şərq siyasətində köklü strateji dəyişikliyə deyil, onun xarici siyasətdə tətbiq etdiyi praqmatik və sövdələşməyə əsaslanan yanaşmaya işarə edir.

 

Onun sözlərinə görə, Tramp administrasiyası İranı həm maksimum təzyiq, həm də danışıqlar masasına gətirmək strategiyasını paralel şəkildə davam etdirir:

 

“Donald Trampın açıqlamaları ABŞ-nin Yaxın Şərq siyasətində fundamental strategiya dəyişikliyindən daha çox, ‘maksimum təzyiq’ ilə ‘danışıqlar masasına məcburetmə’ arasında dəyişən praqmatik xarici siyasət üslubunun tipik nümunəsidir. Əgər Əli Xameneinin öldürülməsindən sonra sülh əldə olunacaqsa, bunun qarşılığında Benyamin Netanyahunun hakimiyyətdən uzaqlaşdırılması balans yaradaraq sülh prosesinə şərait yarada bilər. Vaşinqton iqtisadi sanksiyalar və hərbi çəkindirmə vasitəsilə Tehranı təzyiq altında saxlasa da, liderlər səviyyəsində mümkün razılaşma qapısını da açıq saxlayır. ABŞ uzunmüddətli və bahalı Yaxın Şərq müharibələrindən yayınmağa üstünlük verir. Tramp İran bataqlığına daxil olmaq istəmir. Vaşinqton Tehranın Xəzər dənizi vasitəsilə Rusiya və Türkmənistan üzərindən Çinlə, Hörmüz boğazı vasitəsilə isə Körfəz ölkələri ilə əlaqələrini məhdudlaşdıraraq İranı sülhə təşviq etməyə çalışır. Bu yanaşma strateji kurs dəyişikliyindən çox, danışıqlarda üstünlük əldə etməyə hesablanmış taktiki addımdır”.

 

Hasan Oktay bildirib ki, Vaşinqton və Tehran arasında davamlı sülh sazişinin imzalanmasına uzun illərdən bəri formalaşan etimadsızlıq mane olur:

 

“Hər şeydən əvvəl, ali dini liderin öldürülməsi ilə bağlı intiqam məsələsi İran üçün hələ də aktuallığını qoruyur. Bunun üçün Tramp Netanyahu ilə yollarını ayırmalı, İran isə ABŞ-ni ‘şeytan’ kimi təqdim edən ritorikanı yumşaltmalıdır ki, mümkün razılaşmanı dini rəhbərlik təsdiqləsin. Tərəflər arasında nüvə proqramı, uranın zənginləşdirilməsi və beynəlxalq nəzarət mexanizmləri ilə bağlı mövqelər tamamilə fərqlidir. ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışdığı halda, Tehran bunu suveren hüququ və çəkindirmə vasitəsi hesab edir. İranın Livan, İraq, Suriya və Yəməndə dəstəklədiyi silahlı qruplar da əsas mübahisə mövzularındandır. ABŞ bu fəaliyyətlərin məhdudlaşdırılmasını tələb etsə də, Tehran onları öz təhlükəsizlik strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirir. Hər iki ölkənin daxili siyasi reallığı da normallaşmanı çətinləşdirir.
Vaşinqtonda İrana qarşı sərt siyasət iki partiyanın ortaq mövqeyidir. İran rejiminin ideoloji legitimliyi isə böyük ölçüdə anti-Amerika ritorikası üzərində qurulduğundan diplomatik normallaşma siyasi və ideoloji baxımdan da mürəkkəb prosesdir”.

 

Siyasi şərhçinin fikrincə, ABŞ ilə İran arasında münasibətlərin normallaşması və ya gərginliyin azalması Cənubi Qafqaz, xüsusilə də Azərbaycan üçün mühüm geosiyasi nəticələr yarada bilər:

 

“Mümkün razılaşma regionda gərginliyi azaldaraq ümumi geosiyasi sabitliyə töhfə verə bilər. Sanksiyaların aradan qaldırılması İranın beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirə, Xəzər hövzəsində enerji və nəqliyyat layihələrinin, o cümlədən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin səmərəliliyini artıra bilər.
Türkiyə ilə Azərbaycanın strateji tərəfdaşlığı da regionda mühüm sabitləşdirici amildir. Türkiyə-Azərbaycan münasibətləri bölgədə Azərbaycana qarşı mümkün hərbi addımların qarşısını alan əsas amillərdəndir. İranın ABŞ və Qərblə mümkün razılaşmadan sonra daha sərbəst hərəkət imkanları qazanması Tehranın həm daxili etnik məsələlərə, həm də şimal qonşularına, xüsusilə Azərbaycan-İsrail strateji əməkdaşlığına münasibətində yeni yanaşmalar formalaşdıra bilər. Bununla belə, Türkiyənin İranın ərazi bütövlüyünü dəstəkləyən mövqeyi və Ankara-Bakı münasibətlərinin tənzimləyici xarakteri nəzərə alınarsa, Azərbaycanın bu prosesdən ciddi mənfi təsirlənməsi ehtimalı yüksək görünmür”.

Fatimə Hüseynli

#yeni #gündəm #istəmir” #“tramp
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər