Tramp İranın ABŞ şəhərlərinə hücum ehtimalı barədə açıqlamalarını təkrarlayıb
ABŞ Prezidenti Donald Tramp İranın Los-Anceles və San-Dieqoya hücum edə biləcəyini bildirib. O, ABŞ-nin İrana ağır zərbə vurduğunu və nüvə təhlükəsinin artıq olmadığını iddia edib.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ prezidenti Donald Tramp çox ziddiyyətli bir adamdır və ümumiyyətlə onun açıqlamaları vaxtaşırı özünü təkzib xarakteri daşıyır:
“İndiki situasiyada ABŞ-nin hələlik İranla savaşı və yaxud da hərbi əməliyyatları bərpa etmək niyyəti görünmür, çünki ABŞ-nin indi başı daha çox ölkədaxili aralıq seçkilərinə qarışıb. İndi bütün mübarizə məhz aralıq seçkilərində qələbə qazanmağa yönəlib. Tramp da məhz bu istiqamətdə addımlar atmağa çalışır”.
Müsahib qeyd edib ki, Tramp İranın Amerika Birləşmiş Ştatlarının şəhərlərinə hücum edə biləcəyini iddia eləyir və bununla da Yaxın Şərqdə başlatdığı və hələlik qələbə qazana bilmədiyi bir savaşı Amerika cəmiyyətinə əhəmiyyətli addım kimi təqdim etməyə, ona haqq qazandırmağa çalışır:
“Yəni amerikalıları İrandan gözlənilən təhlükə ilə təhdid edir və bununla da Amerika cəmiyyətində Yaxın Şərq savaşına qarşı olan neqativ münasibəti aradan qaldırmaq məqsədi daşıyır. Ümumiyyətlə Tramp özünün şəxsi PR-ına xüsusi diqqət yetirən bir dövlət başçısıdır”.
Nəticə olaraq politoloq bildirib ki, ən xırda bir məsələni belə dünya səviyyəli məsələ həddinə qaldırmağa xüsusi meyl göstərir və əsasən də özünün təriflənməsinə, dünyaya xidmət göstərən şəxs kimi təqdim olunmasına çalışır:
“Ümumiləşdirəndə belə nəticəyə gəlmək olar ki, Trampın indiki açıqlamaları ABŞ-İran savaşının bərpasından daha çox yaxınlaşan aralıq seçkilərində amerikalı seçicilərin mövqeyinin respublikaçılara yönəlik çevrilməsinə nail olmağa hesablanıb”.
Aysu Abbasova