Tramp İranın Xarq adası ilə bağlı planını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitində bildirib ki, Vaşinqton İranın Xarq adasını nəzarətə götürmək və yalnız İrana qarşı dəniz blokadasını bərpa etmək imkanını istisna etmir. Onun sözlərinə görə, Tehran buna mane ola bilməyəcək.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ–İran münasibətlərində artan gərginlik regionun təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirir:
“ABŞ - İran münasibətlərində gərginlik yenidən artıb. Hətta qarşılıqlı hücumlar vüsət almağa başlayıb. ABŞ nəinki Xarq adasını, ümumiyyətlə Hörmüz boğazını da nəzarətə götürmək istəyir. Öz növbəsində İran tərəfi də nüvə zənginləşdirməkdən imtina etməyəcəyi ilə bağlı açıqlamalar verir. Yaxın Şərqdə də vəziyyətin gərginləşəcəyi istisna edilmir. Baxmayaraq ki, Həmas Qəzzanın idarəçiliyini ABŞ-nin müəyyən etdiyi şuraya həvalə edib. Onların bəyanatında qeyd olunur ki, bu geri çəkilmə yaxud idarəetmədən tam imtina deyil, sadəcə ABŞ və İsrailin bəhanəsini kəsmək üçündür. Buna nümunə olaraq silahı yerə qoymaqdan imtina etmələrini göstərmək olar.
Eyni zamanda Livanda Hizbullahla bağlı problemlər qalmaqdadır. Bir neçə gün öncə Livanın İsrailə yaxın xristian kəndlərinin böyükləri Hizbullah təhdidini əsas gətirib İsrailə birləşmək istədiklərini bəyan ediblər. Bütün bunlar göstərir ki, İsrail həm Yaxın Şərqdə həm də İran cəbhəsində öz ampulasındadır”.
Həmçinin, politoloq qeyd edib ki, Trampın Türkiyə səfəri yeni mərhələ yarada, İrana dair atəşkəs və danışıqlar isə müvəqqəti qala bilər:
“Türkiyəyə qarşı qondarma "erməni soyqırımı"nın tanınması mövzusu da bu ölkəyə "təzyiq rıçaqı" kimi masaya gətirilib. Lakin Trampın Türkiyə səfərindən sonra bu məsələlərə dönüş olması ehtimalı yüksəkdir. Türkiyə ilə isti münasibətlər zəminində İsrail və İran mövzusunda həll yolları düşünülməmiş deyil. Ümumiyyətlə ABŞ-nin İrana qarşı planları və həyata keçirmək istədiyi məqalələr tam gerçəkləşməyib. Aradakı fasilə və danışıqlar, atəşkəs əslində müvəqqəti fasilə xarakterlidir”.
Politoloq vurğulayıb ki, hazırkı vəziyyət ABŞ-nin istənilən anda İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyini göstərir:
“İran və ABŞ hər ikisi özünü qalib hesab edir. Müharibədə hər iki tərəfin də kompromisə getməməsi, tam anlaşa bilməməsi sülhə apara bilməz. İran demək olar ki, ABŞ-nin tələblərindən yayınır, əksinə yenidən hərbə-zorba gəlməyə başlayıb. ABŞ tərəfi isə seçkilərə qədər İrana hücuma fasilə verməyi nəzərdə tutsa da artıq belə durumda müəyyən addımlar atmağa məcbur olur. Əks halda Tramp administrasiyası iflas edə, İrana qarşı milyardlarla dollara başa gələn səmərəsiz hücumlara görə məsuliyyət daşımalı olar. Eyni durum İsraillə də bağlı bu cürdür. Netanyahu hakimiyyətinə qarşı daxili və xarici təzilər artır. Odur ki, ABŞ ən azından Xarq adasını nəzarətə götürməklə qalib obrazını büruzə vermək, həm ölkə daxilində həm də beynəlxalq aləmdə özünü sübut etməyi düşünür.
Hazırda Həmas müəyyən qədər neytrallaşdırılıb. Hizbullahla bağlı Livan hökuməti ilə danışıqlar davam edir. Bütün bu proseslər İrana qarşı əsas və həlledici hücumların vaxtını müəyyən etmək üçün atılan addımlardır. Xarq adasının nəzarətə götürülməsi də daxil olmaqla ABŞ istənilən anda müharibəyə yenidən başlaya bilər”.
Aydan Əsgərxanlı