00:00:00
Yazar
Zəri Bayramlı
23.03.2026 21:08 356 2 dəq oxuma
Siyasət

Tramp İranla razılaşmanı istəmir: Diplomatiyadan çox təzyiq siyasəti ön plandadır - ŞƏRH

Tramp İranla razılaşmanı istəmir: Diplomatiyadan çox təzyiq siyasəti ön plandadır - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etməkdə maraqlı olmadığını bildirib. “Onların rəhbərliyi artıq yoxdur, hərbi-dəniz və hava qüvvələri məhv edilib, demək olar ki, müdafiələri qalmayıb və indi razılaşma istəyirlər. Mən isə istəmirəm”, - deyə Tramp qeyd edib.

 

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın bu bəyanatı diplomatik kanalların arxa plana keçirilməsi və hərbi-siyasi üstünlük vasitəsilə nəticə əldə etməyə yönəlmiş xətt kimi oxunur:

 

 

“Donald Trampın İranla razılaşmaya maraqlı olmadığını açıq şəkildə bəyan etməsi klassik “maksimal təzyiq” strategiyasının daha sərt və kompromissiz mərhələyə keçdiyini göstərir. Trampın ritorikasında diqqət çəkən əsas məqam qarşı tərəfin zəiflədiyini vurğulayaraq danışıqlara ehtiyac duymadığını bildirməsidir ki, bu da güc diplomatiyasının (power-based bargaining) prioritetləşdirildiyini göstərir. Belə bir kurs Vaşinqtonun regionda deterrensiya (çəkinmə) siyasətini gücləndirməsi, eyni zamanda İran daxilində rejim üzərində psixoloji və siyasi təzyiqi artırmaq məqsədi daşıya bilər”.

 

 

Politoloqun sözlərinə görə, İranın zəiflədiyi iddiaları fonunda regionda ilk növbədə İsrail, Körfəz ölkələri (xüsusilə, Səudiyyə Ərəbistanı və BƏƏ) və qismən Türkiyə nisbi güc üstünlüyü əldə edə bilər:

 

 

“Bununla yanaşı, Rusiya və Çin də boşalan təsir sahələrini doldurmaq üçün daha aktiv mövqe tuta bilər. Qarşıdakı aylarda proseslərin istiqaməti isə iki ssenari arasında dəyişəcək: əgər ABŞ təzyiqi daha da artırarsa və İran sərt cavab xəttini davam etdirərsə, lokal hərbi toqquşmaların genişlənməsi ehtimalı yüksələcək; əksinə, iqtisadi və daxili təzyiqlər Tehranın davranışını yumşaldarsa, qeyri-rəsmi və dolayı kanallar vasitəsilə məhdud razılaşma və ya “gərginliyin idarə olunması” modeli ön plana çıxa bilər. Bu mərhələdə tammiqyaslı müharibədən çox, idarə olunan eskalasiya və hibrid qarşıdurma daha real görünür”.

 

Zəri Bayramlı

#siyasət #İran #ABŞ #Tramp #trend
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər