Tramp İrlandiyanın birləşməsi ilə bağlı referendumun keçirilməsini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp gələcəkdə İrlandiya Respublikasının Birləşmiş Krallığın tərkibinə daxil olan Şimali İrlandiya ilə birləşməsi məsələsinə dair referendumun keçirilə biləcəyini istisna etməyib.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın Böyük Britaniyaya münasibətdə apardığı siyasətdə qərəz və qisas motivləri aşkar görülür:
“Bundan əvvəl Tramp Argentina ilə Britaniya arasında çoxdan bəri mübahisə mövzusu olan Malvin adaları üzərindəki ixtilafı da qızışdırmışdır. Açıq demişdir ki, İran müharibəsində Britaniya Amerikanı müdafiə etmədi və buna görə də biz, Amerika olaraq, mən, Tramp olaraq, Malvin adaları üzərində Argentina-Britaniya mübahisəsində daha Britaniyanı müdafiə etməyəcəyəm. Bu bəyanatdan sonra Argentina Malvin adalarına yönəlik addımlarını Britaniyaya qarşı xeyli dərəcədə fəallaşdırdı. Eləcə də indi İrlandiyanın prezidenti ilə görüşdən sonra Şimali İrlandiyanın İrlandiyaya birləşdirilməsi məsələsini qaldırmaqla Britaniya üçün növbəti neqativ bir sürpriz hazırladı. Onun bəyanatından sonra Şimali İrlandiyada İrlandiya ilə birləşmək istəyənlərin fəallaşdığı hiss olunur. Şimali İrlandiyanın birləşməsi çoxdan problem olaraq qalır. Onların arasında XX əsrin əvvəllərindən başlayaraq böyük mübarizələr gedib. Hətta Şimali İrlandiyada terrorçu adlandırdıqları təşkilat Şimali İrlandiyanın müstəqilliyi və Britaniyadan ayrılması uğrunda uzun illər mübarizə aparıb”.
Siyasi şərhçi həmçinin bunu da qeyd edib ki, 1998-ci ildə Şimali İrlandiya ilə Britaniya arasında Belfast sazişi imzalanıb və həmin sazişə görə Şimali İrlandiya müəyyən hüquqlarını özündə saxlasa da, Britaniyanın tərkibində qalmaqda davam edib:
“Bu gün də Trampın dəstəyindən sonra Şimali İrlandiyadakı müstəqillik tərəfdarları yenidən aktivləşiblər və onların aktivlik dərəcəsi, eləcə də Trampın onlara verəcəyi dəstəyin nəticəsindən asılı olaraq, Şimali İrlandiyanın Britaniyadan ayrılma prosesi aktivləşə bilər. Əgər Şimali İrlandiya ayrılmaq istəsə, yəqin ki, İrlandiyada buna dəstək olacaq və onların, Şimali İrlandiyanın, nəhayət, İrlandiya ilə birləşməsi gerçəkləşə bilər. Amma, əlbəttə, bu, kənardan qızışdırılmış bir məsələ olduğuna görə, ola bilər ki, Şimali İrlandiyanın siyasi elitası bu hadisənin Trampla bağlı olduğunu düşünərək, onu ötəri bir şey kimi də qəbul edə bilər. Amma əgər Tramp sona qədər dəstək versə, Şimali İrlandiyanın Britaniyadan ayrılması və İrlandiya ilə birləşməsi prosesi baş verə bilər. Ona görə ki, Şimali İrlandiya həm də Britaniyanın tərkibində Avropa Birliyindən ayrıldığına görə, yenidən İrlandiya ilə birlikdə Avropa Birliyinin tərkibinə qayıtmaq kimi bir məsələni nəzərdən keçirə bilər. Ona görə də, Şimali İrlandiyanın taleyi ilə bağlı bu gün Trampın ortaya qoyduğu siyasət Britaniyanın ərazi bütövlüyü üçün real təhdid mənbəyinə çevrilə bilər”.

Güllər Gülhüseynova