Tramp: Kanada ABŞ-nin tərkibinə daxil olmadan ştat üstünlüklərindən faydalanmaq istəyir
ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət və tarif məsələləri ətrafında sərt mövqeyini davam etdirir. Tramp Kanadanın ABŞ-nin ştatı olmadan digər ştatlar kimi üstünlüklərdən faydalanmaq istədiyini bildirib. ABŞ-nin Kanada məhsullarına tətbiq etdiyi tariflər fonunda Ottava da cavab tədbirləri hazırlayır. Tərəflər arasında artan iqtisadi gərginlik iki ölkənin münasibətlərinin gələcəyi ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, iki ölkənin iqtisadi reallığı uzunmüddətli qarşıdurmanı hər iki tərəf üçün baha başa gələn seçimə çevirir:
“Trampın Kanadanın ABŞ ştatı olmadan “ştat üstünlüklərindən” yararlanmaq istədiyini bildirməsi ilk növbədə siyasi təzyiq mesajı kimi qiymətləndirilməlidir. Bu bəyanat Kanadanın ABŞ ilə çox sıx iqtisadi inteqrasiyasına baxmayaraq, Vaşinqtonun tələblərinə tam uyğunlaşmaq istəmədiyi fikrini önə çıxarır. Bu ritorika həm də Trampın Kanadanı ABŞ üçün adi xarici tərəfdaş deyil, iqtisadi və coğrafi baxımdan xüsusi asılılıq münasibətində olan ölkə kimi təqdim etmək cəhdidir. Burada söhbət yalnız tariflərdən getmir. Tramp administrasiyası ABŞ bazarına çıxış imkanını Kanada üzərində daha geniş iqtisadi və siyasi təsir alətinə çevirməyə çalışır. Məlumdur ki, ABŞ iyul ayında Kanadaya qarşı əlavə 50 faizlik tariflər tətbiq etmişdi və avqustun 21-də danışıqların nəticəsiz qalmasından sonra təxminən 20 milyard dollarlıq Kanada məhsuluna yeni 50 faizlik tariflər qüvvəyə mindi. Ottavanın cavabı isə göstərir ki, Kanada artıq Vaşinqtonun təzyiqlərinə əvvəlki kimi asanlıqla uyğunlaşmaq niyyətində deyil. Baş nazir Mark Karni ABŞ tariflərinə “dollar qarşılığında dollar” prinsipi ilə cavab veriləcəyini açıqlayıb və Kanada qarşı tədbirlərinin sentyabrın 8-dən qüvvəyə minməsi planlaşdırılır. Bu, iki ölkə arasında mübahisənin sadəcə danışıqlar taktikasından çıxaraq real ticarət qarşıdurmasına çevrildiyini göstərir. Məsələnin daha ciddi tərəfi isə ABŞ və Kanadanın iqtisadi əlaqələrinin son dərəcə sıx olmasıdır. Kanada ixracının təxminən 75 faizi ABŞ bazarına yönəlir. Buna görə uzunmüddətli tarif savaşı Ottava üçün daha böyük risk yaradır. Lakin Vaşinqton da bundan tamamilə zərərsiz çıxmayacaq. Kanada ilə inteqrasiya olunmuş istehsal zəncirlərində ABŞ şirkətləri də tariflərdən, daha yüksək xammal və komponent qiymətlərindən və logistika problemlərindən təsirlənə bilər. ABŞ-da biznes dairələri və bəzi siyasətçilər də artıq tariflərin istehlakçılar və şirkətlər üçün əlavə xərc yaradacağından narahatlıq ifadə edirlər. Buna görə qarşıdakı dövr üçün iki paralel proses mümkündür. Bir tərəfdən, tariflərin artırılması tərəfləri daha sərt mövqelərə sürükləyərək münasibətləri uzunmüddətli iqtisadi qarşıdurma mərhələsinə keçirə bilər. Digər tərəfdən, məhz qarşılıqlı iqtisadi itkilər yeni danışıqlar üçün motivasiya yarada bilər. Hazırda danışıqların iflasa uğraması münasibətləri ciddi şəkildə pisləşdirsə də, iki ölkənin iqtisadi reallığı uzunmüddətli qarşıdurmanı hər iki tərəf üçün baha başa gələn seçimə çevirir. Ən mühüm nəticə isə təbii ki, siyasi müstəvidədir. Trampın Kanada ilə bağlı “51-ci ştat” ritorikası və tarif siyasəti Ottavada suverenlik məsələsini daha həssas mövzuya çevirib. Beləliklə, iqtisadi mübahisə tədricən milli suverenlik və xarici təzyiq məsələsinə çevrilir. Bu isə kompromis əldə etməyi çətinləşdirir”.
Samirə Allahverdizadə