00:00:00
Yazar
Güllər Gülhüseynova
17.09.2026 21:07 113 3 dəq oxuma
Siyasət

Tramp Kanada ilə münasibətlərə görə Avropaya güclü tariflər tətbiq edəcəyini açıqlayıb

Tramp Kanada ilə münasibətlərə görə Avropaya güclü tariflər tətbiq edəcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Trampın Kanada ilə bağlı sərt bəyanatları və iki ölkə arasında yaranan fikir ayrılıqları son dövrlərdə diqqət mərkəzindədir. Trampın Kanadanı ABŞ-nin 51-ci ştatı kimi görmək istədiyini açıqlaması, eləcə də ticarət və xarici siyasət məsələlərində mövqelərin fərqlənməsi Vaşinqton-Ottava münasibətlərində gərginliyi artırıb. Bəs Trampın Kanadaya qarşı sərt mövqeyinin əsas səbəbləri nələrdir və bu siyasət ABŞ-Kanada münasibətlərinə necə təsir göstərə bilər?

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın Kanada ilə özünəməxsus hesabları var. Burada Kanadanın Trampın qəzəbinə tuş gəlməsinin bir neçə səbəbindən danışmaq mümkündür:

 

“Birinci növbədə, Tramp Kanadanın əleyhinə irəli sürdüyü ərazi iddialarını reallaşdıra bilməyob. Kanada buna ciddi müqavimət göstərdi. Çünki Tramp Kanadanı ABŞ-nin 51-ci ştatı kimi görmək istədiyini bildirib. Bütövlüklə Kanadanın Amerikaya birləşdirilməsi fikrini açıq şəkildə dilə gətirmişdi, amma buna “yox” cavabı alıb. Hətta Kanadanın əvvəlki baş naziri Trampın bu iddiasına qarşı mübarizə yolunda, lazım gəlsə, “intihar da edərəm” kimi çox üsyankar bir reaksiya göstərib. Sonra Tramp Kanadanın Ontario gölünün adını birtərəfli qaydada dəyişdirərək “Amerika gölü” adlandırdı. Kanada Trampın İran siyasətinə heç bir dəstək vermədi. Trampın İran siyasətinə münasibətdə Kanada öz mövqeyini daha çox Avropa ölkələrinə uyğunlaşdırmağa çalışdı. Eyni zamanda, Kanada Ukrayna məsələsində də Amerikanın yanında dayanmadı. Amerika Ukraynanın müdafiə mövqeyindən geri çəkildiyi halda, Kanada Avropa ölkələri ilə yanaşı duraraq Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirəcəyini bəyan etdi. Bu gün də Kanada Ukrayna məsələsində daha çox Avropanın mövqeyini müdafiə edir və Rusiyanın təcavüzünə qarşı ardıcıl etiraz mövqeyindədir. yni zamanda, Avropa Birliyi Kanadanın bu mübariz dövlət xəttinə görə Kanadanın hətta xüsusi statusla Avropa Birliyinə assosiativ üzv kimi qəbul olunması barədə də siyasi bəyanat verib”.

 

Siyasi şərhçi həmçinin bunu da qeyd edib ki, Tramp məhz Kanada mövzusunda Avropanı hədələyən bəyanatlar səsləndirib:

 

“Tramp iddia edib ki, əgər Avropa Birliyi Kanadanın assosiativ üzvlüyünü qəbul edərsə, onda Avropa Birliyi ölkələrinin böyük əksəriyyətinə qarşı rüsumlar tətbiq edəcək. Beləliklə, Trampın bu gün Kanadaya qarşı aqressiv siyasətinin əsas şərtləri ilə bağlı iki qrup səbəbdən danışmaq olar. Birincisi, Kanada Trampın iddialarının əksinə olaraq, Kanada ilə bağlı heç bir güzəştə getmədi, müqavimət göstərdi. İkincisi isə Avropa Birliyi Kanadanı möhkəm şəkildə himayə edir. Və bu, Amerikanın əslində Qərb geosiyasi məkanında, Avroatlantik məkanda tamamilə təcrid olunması deməkdir. Bu gün Avroatlantik məkana daxil olan 32 NATO dövlətindən Trampın Amerikası müdafiə edən bir dənə ölkədən danışmaq mümkünsüzdür. Ona görə də Trampın Kanadaya qarşı apardığı bu siyasətdə qisasçılıq niyyətlərini, motivlərini heç gizlətmədiyini görürük. Bu, əslində həm Amerikanın özü, həm də Avroatlantik məkanın geosiyasi maraqları üçün olduqca təhlükəlidir”.

 

Güllər Gülhüseynova

#xəbər #yeni #gündəm #açıqlayıb #münasibətlərə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər